Mahir Qabiloğlunun yırtıcı və şərəfsiz qəhramanları
İnsanlar o dünyada da bu dünyada da elə insan olaraq qalırlar və insanın öğzünütəsdiq problemi elə cəhənnəmin göbəyində də qüvvəsini saxlayır. Bunu yazıçı Mahir Qabiloğlunun "Cəncəhim" əsərininin qəhramanları iddia edir. Hətta insanın özüntəsdiq, eqosu qarşısında Hinkirlə Minkirdə aciz qalır. Məlum olur ki, Hinkirlə Minkir insanların pulu qarşısında susur, daha çox səsi çıxan, haqqını tələb edənlərə güzəştə getməyə məcbur olur və əslində mələklər insan EQOsuna təslim olurlar.
Mahir Qabiloğlu görünür buna görə əsərində o dünya ilə bu dünyanı bir dünyada cəmləşdirir və hədəf İNSAN olaraq seçilir. Mahir Qabiloğlunun qəhramanları həm real insanlara bənzəyir, həm də bu günkü insanlardan çox fərqlənirlər. Nəyə görə? İlk növbədə ona görə ki, əsərdə ki, obrazlar elə bizlərik, hər addımda rastımıza çıxan insanlardır. Sadəcə olaraq Mahir Qabiloğlunun qəhramanları öz əsl MƏNlərini gizlətmir, eybəcərlikləri, şərəfsizlikləri ilə fəxr edir və bu eybəcərlikləri nümunə kimi cəmiyyətə təqdim edirlər. Əslində bu gün Azərbaycan ədəbiyyatında insan və şərəfsizlik arasındakı bərabərlik gizlədildiyindən yaranan əsərlərin əksəriyyəti gah pafos yığınından, gah da romantik bir həyat mənzərəsindən kənara çıxa bilmir. Amma Mahir Qabiloğlu, insanın şərəfsizlik, nadanlıq etmək gücünü çılpaqlığı ilə göstərərək bu günkü dünyanın iddialarını oxucuya çatdıra bilir. Bu baxımdan Mahir Qabiloğlunun "Cəncəhim" romanındakı obrazların hər biri özlüklərində Allahdır. Biri şərəfsizlik, biri yaltaqlıq, biri yazıqlıq Allahıdır. Elə buna görə cənnətlə cəhənnəmin arasında düşən insanlar Hinkir və Minkirlə razılaşmır və istədiklərinə hardasa nail ola bilirlər. Mahir Qabiloğlunun yazıçı kimi "Cəncəhim" əsərində diqqətimi cəlb edən başqa bir keyfiyyəti isə qəddarlığıdır. Mahir Qabiloğlu, Fridrix Vilhelm Nitsşe sayağı yazıqlara rəhm etmir, ümidsizliyə düçar olmuş obrazını xilas etmir və quyunun dibinə yuvarlanan qəhramanlarının can verərək yox olmalarından zövq alır. Nitşe hesab edirdi ki, yazıqlara, zəiflərə dayaq olan cəmiyyət də özlüyündə zəifləyir, yaltaq, ümidsiz bir cəmiyyətə çevrilir. Hətta buna görə İsa peyğəmbəri aşağılayır və onu bəlaların sahibi kimi göstərirdi. Mahir Qabiloğlunun "Cəncəhim"də ki, sakinləri də Nitsşenin yaratdığı İsa peryğəmbərə oxşayır. Sadəcə olaraq Mahirin İsalarının özləri çıxılmaz durmdadırlar və bu durumdan xilas olmaq üçün maraqlı yol seçirlər. Onlar bir anın içində vicdanlı insana çevrilmək haqqında düşünməyin mənasızlığını anlayır və buna görə hesab edirlər ki, vicdanlı insan olmaq haqqında düşünməyə heç ehtiyacda yoxdur. Sadəcə olaraq ətraflarındakı insanlarında onlar kimi vicdansız və şərəfsiz olmaları üçün əllərindən gələni edirlər. Ən maraqlısı isə budur ki, sakit həyatının bir cəhənnəmə çevrildiyini, şərəfsiz bir insana çevrilməsi üçün basqılara məruz qaldığını görən qəhramanlar, ilk anda təlaş keçirtsələrdə sonradan daha maraqlı şərəfsiz olmaq, bu şərəfsizlikdən daha çox bəhrələnmək üçün əllərindən gələni edirlər. Məsələn, Mustafa adlı qəraman öz rahat həyatını yaşayan, tələbkar, prinsiplərə sahib bir məmur olur. Günlərin biri yeni təyin olunmuş nazirin diqqətini Mustafa cəlb edir. Qısa zaman ərzində Mustafanın karyerasında yüksəlişlər başlayır, yaşam tərzi dəyişir və buna uyğun olaraq ondan ev qadını olan həyat yoldaşını dəyişməkdə tələb edilir. Mustafa öncə bunu həzm edə bilmir. Amma bir müddətdən sonra bununla razılaşır və nazirin katibəsi ilə evlənir. Hətta doğulan övladın onun yox, nazirin olduğunuda anlayır. Amma geri çəkilmək haqqında düşünmür. Günlərin biri isə aydın olur ki, naziri indi də Mustafanın qızı ilə yaşayır.Bütün bunları görən və özünü görməməzliyə qoyan Mustafa bu şərəfsizliyi özünün yaşam tərzi kimi qəbul edir və əslində bir nümunəyə çevrilir. Bu baxımdan götürsək Mahir Qabiloğlunun "Cəncəhim" romanı özlüyündə insan psixologiyasının təhlili üçün maraqlı bir nümunədir və burada daha çox fransız psixologiya məktəbinin cizgilərini görmək olar. Romandakı qəhramanlar isə psixoloji insan tipinə uyğun olaraq sanqvinik və melanxolik tiplərə şamil edilir. Əslində isə Mahir Qabiloğlunun qəhramanlarının
yaşadığı dünya melenxolik bir dünyadır və bu dünyada heç vaxt geriyə yol olmur. Yırtıcıların, qəddarların baxışları yalnız sabaha yönəlib və bu sabahda da saf nə isə axtarılmır. Mahir Qabiloğlunun "Cənhəhim" romanı məhz buna görə oxucuya tam fərqli bir dünya nümayiş etdirə bilir. Məncə Mahir Qabiloğlunun yırtıcı və şərəfsiz qəhramanları ilə tanış olmağa dəyər.
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31