Bu gün iqtidar-müxalifət dialoqudur
13:16 15-05-2015
CƏMİYYƏT
Bu gün iqtidar-müxalifət dialoqudur
Müsavat yumşalıb,AXCP yenə də əsassız bəhanələrlə tədbirdə iştirakdan imtina edir
Məlum olduğu kimi, mayın 15-də iqtidarla müxalifət arasında növbəti görüş keçiriləcək. Bir müddət ara verilən tədbir yenidən gündəmə gəlib, Prezident Administrasiyasının təklifi ilə dialoqun vaxtı və mövzusu müəyyən edilib və partiyalara dəvət göndərilib.
Ancaq yenə də müxalifət düşərgəsinin nümayəndələri ikitirəlik yaratmağa çalışır.Belə ki, bəzi partiyalar bu tədbirdə iştirak etmək istəmədiklərini bildirirlər. Xüsusən də AXCP daha sərt mövqe sərgiləməkdədir.Amma Müsavat Partiyası deyəsən, yelkənləri aşağı endirmək qərarına gəlib.
"Unikal"a açıqlama verən Müsavat Partiyası başqanı Arif Hacılı deyib ki, Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə təmas qurmasını, bu sahədə təşəbbüslərini müsbət qiymətləndirirlər. Onun sözlərinə görə, əgər müsbət nəticə versə, Azərbaycan cəmiyyətinin marağına uyğun olar.O vurğulayıb ki, Müsavatın təklifi qəbul olunarsa, onlar sabah keçiriləcək görüşdə iştirak edə bilər: "Sabah görüşə Müsavat başqanı kimi məni dəvət ediblər və bildirilib ki, bu görüşdə əsasən Avropa Yay Olimpiya oyunları müzakirə ediləcək və demək olar ki, qeydiyyatdan keçmiş bütün siyasi partiyaların nümayəndələri iştirak edəcək. Biz hesab edirik ki, iqtidar müxalifət dialoqu zəruridir və cəmiyyətin maraqlarına uyğundur.Real müxalifət görüşü olacaqsa, biz belə görüşlərdə iştirak etməyə hazırıq.Yaxın günlərdə, hətta bu gün təklifimizi qəbul etsələr elə sabahkı müzakirəyə qatılmağa hazırıq".
Amma AXCP bu dəfə AXCP sədri Əli Kərimli sözügedən tədbirə şəxsən dəvət olunsa da, yenə də əvvəlki mövqeyində qalmaqda israrlıdır."Unikal"ın məlumatına görə, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, təmsil etdiyi partiya görüşdə iştirak etməyəcək."Görüşdə iştirak etməməyəcəyik.Səbəblərinə gəlincə isə bu, mətbuata daha sonra açıqlanacaq"- deyə AXCP rəsmisi deyib. F.Qəhrəmanlı dialoqdan qaçmalarının səbəbini isə açıqlamayıb.Bu da onu göstərir ki, AXCP ortaq məxrəcə gəlməkdənsə, kənarda dayanıb söyüş söyməyi daha məqsədəuyğun hesab edir.
Hakimiyyət tərəfi də AXCP-nin hazırkı mövqeyini cavabsız qoymayıb. "Unikal"ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, xarici ölkələrin Azərbaycandakı nüməyandəlikləri Xalq Cəbhəsi Partiyasına tapşırıq verməyincə, onlar partiya üzvlərinin qərarları ilə xalqın maraqlarına xidmət edən məsələdə iştirak etməzlər. Deputat hesab edir ki, onlar yalnız xaricdən pul aldığı adamların tapşırığı ilə hərəkət edirlər. S.Novruzov AXCP-nin iqtidarla-müxalifət arasında keçiriləcək görüşə qatılmamaqla qərarına münasibət bildirərkən qeyd edib ki, AXCP partiya deyil, xaricdə fəaliyyət göstərən hansısa qurumun Azərbaycandakı təmsilçisidir: "Əli Kərimliyə maliyyə dəstəyi verənlər onu təlimatlandırırlar, deyirlər ki, dialoqda iştirak etməsin.Yəni, görüntü yaradırlar ki,Azərbaycanda partiyaların birliyi yoxdur.Onlar milli məsələ olan Dağlıq Qarabağ kimi problemin müzakirəsində iştirak etmirlərsə, hansı demokratiyadan danışırlar? Bu, millətə, dövlətə xəyanətdir".YAP icra katibinin müavini hesab edir ki, Müsavat Partiyasında legitimlik yoxdur, ona görə də təşkilat iqtidar-müxalifət görüşünə qatılıb-qatılmamaq haqda qərar verə bilmir: "Partiya üzvləri rəhbərliyə etimad göstərmirlərsə, qərarları necə qəbul edə bilər ki?! Ona görə Müsavat belə görüşlərdə iştirak etmir". S.Novruzov deyib ki, Azərbaycan iqtidarı həmişə dialoqa hazır olub: "İqtidar müxalifət arasında keçirilən görüşlərdə ölkədəki bütün siyasi partiyalar iştirak edirlər. Sadəcə, bir-iki siyasi partiya özünü kənarda saxlayır.Onlar da konkret qərar qəbul etmək iqtidarında deyillər".
Qeyd edək ki, Azərbaycanda iqtidar-müxalifət arasında növbəti görüş mayın 15-də keçiriləcək.İqtidarla bundan öncəki dialoqlarda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev,Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri iştirak ediblər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31