Arif Hacılı daha bir rəqibini sıradan çıxarmaq istəyir
13:11 16-05-2015
CƏMİYYƏT
Arif Hacılı daha bir rəqibini sıradan çıxarmaq istəyir
Bu dəfə partiyadan çıxarılmaq növbəsi Ellada Məmmədliyə çatıb
Müsavat Partiyasında olaylar getdikcə kritikləşir. Qurultaydan sonra partiyada baş verən qovğalar kütləvi istefalara səbəb oldu ki, son bir neçə gündə bunun şahidi olduq.
Bununla yanaşı, başqan Arif Hacılı ona qarşı çıxanları da cəzalandırmaqda davam edir. Artıq Qubad İbadoğlu, Əlövsət Talışxanlı, Vurğun Əyyub, Səxavət Əlisoy partiyadan kənarlaşdırılıb. İndi isə deyəsən, növbə Ellada Məmmədliyə çatıb.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyasının Divan üzvü Nemət Kərimli deyib ki, Müsavat Partiyasının qurultayından sonra Ellada Məmmədli hər hansı bir fəaliyyətlə məşğul deyil, Qadınlar Təşkilatı iflic vəziyyətdədir. Yəqin ki, bu məsələ Divanın növbəti iclasında müzakirə ediləcək. N.Kərimli Divanın sonuncu iclasında verilən qərarların Nizamnaməyə zidd olduğu barədə iddiaları rədd edib: "Müsavat Partiyasının qurultayından sonra verilən şikayətlərlə bağlı araşdırma aparıldı və şikayətçilərə təxminən 15 dəfə cavab verildi. Lakin kor tutduğunu buraxmayan kimi, bu insanlar da eyni sözləri təkrar edirlər. Qurultaydan sonra indiyə kimi bu insanlar yalnız Müsavatı gözdən salmaq, partiya rəhbərliyini təhqir etməklə məşğuldurlar. Nizamnamə tələbinə heç bir şəkildə tabe olmurlar. Bütün bunlar nəzərə alınaraq, Rövşən Dəmirli, Rahib Mirələmov və Əli Qasımbəyli partiyadan çıxarıldı. Təəssüflər olsun ki, qurultaydan sonra bu adamlar partiya haqqında bir dənə də olsun müsbət fikir demədilər". O, partiyanın qərargahı qarşısında etiraz piketi keçirənləri satqın adlandırıb: "Müsavatın qarşısında piket edirlər, qətnamədə yazırlar ki, əgər tələblər qəbul edilməsə, Müsavatın qeydiyyatının ləğv olunması ilə bağlıƏdliyyə Nazirliyinə şikayət edəcəyik. Məncə bu, satqınlıqdan başqa bir şey deyil. Sadəcə, bu insanlar özlərinin iç üzünü nümayiş etdirirlər".
"Unikal"ın məlumatına görə, Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli sədri olduğu təşkilatın fəaliyyətsizliyi barədə səslənən ittihamlara cavab verib. E.Məmmədli bizimlə söhbətində bildirib ki, o cılız adamların səsləndirdiyi ittihamlara cavab vermək istəmir: "Nemət Kərimli təşkilatın üzvü olsaydı, onun necə fəaliyyət göstərdiyini deyə bilərdi. Bizim hər ay keçirilən iclasımız var. Sadəcə tapşırıq verilib ki, məni partiyadan çıxartmaq lazımdır. Zaman- zaman Qadınlar Birliyini buraxmaq barədə müzakirələr olsa da, bu alınmayıb. Bir şəxslər ki partiya rəhbərliyi səviyyəsində 25 illik fəaliyyət göstərən şəxslərə xəyanətkar damğası vurursa, bu kimi insanların fikirlərinə münasibət bildirməyə ehtiyac yoxdur. N. Kərimli öz davranışlarına nəzər salsın. İstəyirsə, iclaslarımızda iştirak edə bilər".
Bu barədə fikirlərini "Unikal"la bölüşən ADR sədri Qubad İbadoğlu partiyada baş verən son olaylara münasibət bildirib. O bildirib ki, Müsavat partiyasında baş verənləri ürəkağrısı ilə izləyir: "Partiyanı avtoritar üsullarla idarə edən bir qrup onların nizamnamədən kənar hərəkətlərinə etiraz bildirən üzvləri müxtəlif bəhanələrlə partiyadan uzaqlaşdırır, ünvanlarına hər cür yalan, böhtan yağdırır, bəzən hətta təhqirlərə də əl atırlar. Təbii ki, bu cür məsələlərdə müzakirələrdən kənarda qalmaq çətin olur. Gəlin unutmayaq ki, çox da uzaq olmayan zamanlarda Müsavat xalqın ümid yerinə çevrilmiş bir siyasi qüvvə olub. Amma əfsuslar olsun ki, son qurultaydan sonra Müsavatda rəhbərliyi mənimsəyənlər şəxsi və qrup mənafeyinə xidmət edən səbatsız siyasət və səriştəsiz idarəçilyi ilə partiyanı ağır duruma salıblar. Çox təəssüf ki, partiyanın indiki rəhbərliyi və onları müdafiə edən bir qrup səhvlərdən nəticə çıxarmaq, narazılıqları araşdırıb aradan qaldırmaq əvəzinə yalnış qərarları, ugursuz açıqlamaları və bu zaman istifadə etdikləri xoşagəlməz və təhqirəmiz ifadələri ilə sizləri yersiz müzakirələrə cəlb edirlər".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31