İqtidarla müxalifətin növbəti dialoqu baş tutdu
13:12 16-05-2015
CƏMİYYƏT
İqtidarla müxalifətin növbəti dialoqu baş tutdu
Tərəflər qarşılıqlı anlaşma şəraitində müxtəlif məsələləri müzakirə ediblər
Dünən iqtidarla müxalifətin növbəti görüşü keçirilib. "Unikal"ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən görüşdə "Siyasi partiyaların Avropa Olimpiya Oyunlarına münasibəti" mövzusu müzakirə olunub.
Görüşdə iqtidarı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, müxalifəti isə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətənaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbəhsi Partiyasının sədr müavini Söhrab Abdullayev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli və Ümid partiyasının sədri İqbal Ağazadə təmsil edir.Dialoqa AXCP və Müsavat Partiyaları dəvət olunsa da, onlar görüşə qatılmaqdan imtina edib.
Əli Həsənov çıxışı zamanı deyib ki, Azərbaycan dövlətinin maraqlarının formalaşmasında opponentlərimizin də rəylərinin nəzərə alınmasını istəyirik. PA rəsmisi vurğulayıb ki, ayrı-ayrı təşkilatların, QHT-lərin rəyləri media vasitəsilə bəlli olsa da, siyasi partiyaların rəyi mühüm əhəmiyyət kəsb edir: "Keçən görüşdən sonra mövzu məsələsi gündəmə gəlmişdi ki, tərəflər müzakirə edib, bunu razılaşdırsın. 3 ay ərzində bəzi təkliflər daxil oldu və biz bunları saf-çürük etdik. Hamının marağını kəsb edəcək ciddi təklif daxil olmamışdı. Yeganə ciddi təklif "Azadlıq 2015" blokunun seçkiləri müzakirə etmək barədə təklif idi. Hazırda buna lüzum da görmürük ki, siyasi partiyalarla seçki islahatları və seçkini müzakirə edək. Ona görə də bu mövzudan vaz keçdik. Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının keçirilməsi və onun təşkilatı məsələləridir. Düşünürəm ki, cəmiyyətin siyasi institutları da bundan kənarda qalmamalıdır". Ə.Həsənov təklif edib ki, görüşlərdə əsas müzakirə mövzusu ilə yanaşı gündəmə cari məsələlər də əlavə edilsin: "Təklif edirəm ki hər görüşün gündəminə cari məsələlərin də müzakirəsini əlavə edək. Yəni buradakı partiyaların hansısa təklifini dəyərləndirək".
Əli Həsənov onu da deyib ki, dialoqda siyasi partiya sədrlərinin bəziləri keçən görüşdə gündəmə gətirilən məsələləri, bəziləri də digər məsələlər qaldırdılar. PA rəsmisi qeyd edib ki, görüşdə bir sıra məsələlər müzakirə olundu: "Biz siyasi partiyalara imkan yaratdıq ki, onları narahat edən məsələlərlə bağlı təklifləri gündəmə çıxarsınlar. Bu gün əsas məsələ Avropa Oyunları və onun təşkili oldu. Cari məsələlərdə bəzi məhbusların azadlığa buraxılması ilə yanaşı ictimai-siyasi proseslərdə iştirak, partiyaların maliyyələşməsi, onların qərargahı məsələsi, bank kreditlərindən tutmuş adi siyasi plüralizm məsələslərinə qədər mövzular müzakirə edildi. Həmçinin onların müzakirəsinin sornakı görüşlərdə də davam etidirilməsi qərara alındı". Ə.Həsənov tərəflərin Avropa Oyunları ilə bağlı ümumi qərarını da açıqlayıb. Onun sözlərinə görə, tərəflər hesab edir ki, Avropa Oyunları həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı üçün önəmlidir: "Ümumi qərara gəlindi ki, Avropa Oyunları Azərbaycana həm də idman resurslarını artırmağa, idman strukturlarını genişləndirməyə imkan verdi və gələcəkdə daha böyük olimpiya oyunlarına ev sahibliyi iddiasını ortaya qoyur. Bu yarışlar məqsəd, yox vasitədir. Bu vasitə də Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa yönəlməlidir". PA rəsmisi iqtidar-müxalifət diaqloqunu müsbət qiymətləndirib: "Görüş üçün siyasi partiya nümayəndələrinə hakimiyyət nümayəndəsi olaraq təşəkkür edirəm. Hesab edirəm ki, bu görüşün alternativi yoxdur. Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı institutlarıdır. Azərbaycanda baş verənlərə və baş verməsi mümkün olan bütün məsələlərə onların münasibətini dinləmək bizim üçün də maraqlıdır".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov onu da nəzərə çatdırıb ki, müxalifət-iqtidar dialoqunda Aərbaycanın Şərq tərəfdaşlığı sammitində iştirakının müzakirəsi mümkündür. PA rəsmisi Müsavat Partiyasının müxalifət-iqtidar dialoqunda adı çəkilən sammitin müzakirəsi barədə təklifinə münasibət bildirərək qeyd edib ki, tədbirlərin gündəmi siyasi partiyaların təklifi əsasında formalaşır: "Siyasi partiyalardan gələn təklifləri müzakirə edirik. Həmçinin Müsavat Partiyası da cari məsələlər bölümündə bunu qaldıra bilər. Biz gündəmə çıxardığımız əsas məsələ ilə yanaşı, cari məsələlər bölümündə partiyaların burada təklif etdiklərini də müzakirəyə çıxarırıq".
"Unikal"ın məlumatına görə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib ki, dialoqda hakimiyyət də, müxalifət də öz mövqeyini ifadə edib. Deputat Avropa Oyunları ilə bağlı məsələnin dialoqda müzakirə olunmasını dəstəklədiyini bildirib: "Mən Avropa Oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm, lakin məhbus məsələsi də həll olunmalıdır. Bu təklif Prezident Administrasiyasında müzakirə olunacaq. Görüşdə seçkilərin müzakirəsinə də münasibət bildirilib". İ.Ağazadə həmçinin qeyd edib ki, dialoqda seçki məsələsinin müzakirəsinə ehtiyac yoxdur: "Seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm, çünki seçkidə heç nə müzakirə oluna bilməz. Mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilməsi kifayətdir. Məcəllə dəyişəcək? Bu, praktiki mümkün deyil, çünki vaxt yoxdur. Ona görə də seçkini müzakirə edib, yalandan saqqız kimi çeynəməyin mənası yoxdur. Avropa Oyunlarını hər kəs dəstəkləyir, ona qarşı çıxan yoxdur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 12:23:52
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48