Milli Məclisdə oliqarxların həbsi müzakirə olundu
13:15 16-05-2015
CƏMİYYƏT
Milli Məclisdə oliqarxların həbsi müzakirə olundu
Oqtay Əsədov: "Kimlərin ajiotaj yaratdığı bilinir"
Milli Məclisin keçirilən iclasında "Mərkəzi Bank haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihənin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu təsdiq edir: "Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlətin müdaxiləsi hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu dəyişikliklər Mərkəzi Bankın resurslarının genişlənməsinə imkan verəcək".
Zahid Oruc son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım kimi qiymətləndirmək oalr: "Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələrdə sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin".
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, kimlərin ajiotaj yaratdığı bilinir: "Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazımi tədbirlər görür".
Qanun layihəsində Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir. Dəyişikliyə görə, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bununla yanaşı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Həmçinin dəyişikliyə əsasən Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Qanun layihəsi qəbul edilib.
Aqil Abbas: "İnsanlar problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etməlidirlər"
Milli Məclisin iclasında "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, bu qanun Konstitusiyanın 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Vətəndaşların qəbul edilməsi qaydalarına əsasən, müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidir. Bununla yanaşı, vətəndaşlar canlı yayım vasitəsi ilə də şifahi yolla subyektlərə müraciət edə bilərlər. Həmin subyektin proqramda iştirak edən nümayəndəsi qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququna malikdir.
"Vətəndaşların müraciətləri haqqında" qanun layihəsində pozuntu hallarına görə məsuliyyət də nəzərdə tutulub. Belə ki, bu qanunun tələblərini pozan şəxslər mülki, inzibati xətalar və cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Deputat Fazil Mustafa müzakirə zamanı layihədə boşluqlar olduğunu bildirib. Onun fikrincə, qanunun "Müraciətlərə baxılması haqqında" adlandırılması daha məqsədəuyğundur. Deputatın sözlərinə görə, müraciətlərin ana dilində ünvanlanması ilə bağlı tələb də düzgün deyil: "Çünki Azərbaycanda başqa ölkə vətəndaşları da var və onlar bizim dili bilmirlər. Bu baxımdan məsələnin diqqətə alınması gərəkdir".
Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, sözügedən qanun layihəsində müraciətlərin oxunaqlı dildə yazılmasının tələb edilməsi başa düşülən deyil: "Bu kitab deyil ki, hamı savadlı yazsın. Ona görə də sabah hansısa məmur qanunun maddəsini əsasa gətirərək deyəcək ki, müraciət oxunaqlı dildə yazılmayıb. Bundan başqa, bəzi televiziya verilişlərində müraciətlər səslənir. Kimlərsə, kimisə evləndirir, kimisə axtarır və sair. Bu onların səlahiyyətinə daxil olan məsələ deyil".
Deputat Aqil Abbas qeyd edib ki, insanlar nicatı televiziyadan yox, hüquq-mühafizə orqanlarından tapmalıdırlar: "Vəkillər, hüquqşünaslar insanları maarifləndirməlidir ki, öz problemlərinə görə Elgizə yox, polisə, məhkəməyə müraciət etsinlər. Bununla bağlı İctimai Televiziyada maarifləndirici verilişlər verilməlidir".
Əli Hüseynli vurğulayıb ki, müraciətlər Azərbaycan dilində olmalıdır və bunun dəyişilməsi gözlənilmir. O, deputatların təkliflərini dinlədikdən sonra bildirib ki, bu qanun layihəsi Azərbaycan vətəndaşları üçündür: "Amma xarici vətəndaşlar da bundan yararlana bilərlər".
Müzakirədən sonra layihə ikinci oxunuşda qəbul edilib.
"Görün nə günə qalıblar, Ələkrəm Hümmətov kimi satqınlara möhtacdılar..."
"Avropa Oyunlarının ilk olaraq məhz Azərbaycanda keçirilməsi ölkəmiz, xalqımız üçün böyük uğurdur, tarixi hadisədir. Bu oyunların Azərbaycana salınması həm də ölkəmizin dünyada, xüsusilə, Avropada yerinin, rolunun, çəkisinin, nüfuzunun göstəricisi, bariz nümunəsi, etirafıdır".
Bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsdinin sədri Eldar İbrahimov deyib. O qeyd edib ki, digər inkişaf etmiş, qabaqcıl, dövlətçilik ənənələrini daha qədim olan Avropa ölkələrinin əvəzində ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi eyni zamanda onun sübutudur ki, Azərbaycan həqiqətən nəinki regionun, hətta, Qərbin, Avropanın, dünyanın lider dövlətlərindəndir, dinamik, sıçrayışlı inkişaf yolu ilə addımlayan, böyük zəfərlərə imza atan bir ölkədir:
"Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf, tərəqqi, təhlükəsizlik mövcud olmasaydı, Avropa tərəfindən belə bir idman yarışmasının Azərbaycanda keçirilməsinə heç cür razılıq verilməzdi. Artıq avropadalılar fərqindədirlər ki, Azərbaycan güclu inkişaf, tərəqqi yolundadır, bu ölkədə demokratik, hüquqi əsaslara söykənən ictimai-siyasi sabitlik var, bu ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Odur ki, məhz bu səbəblərdən Avropa ailəsi, böyük təsir və nüfuz sahibi olan Avropa dövlətləri, o cümlədən, Avropa Olimpiya Komitəsi belə bir nəhəng, möhtəşəm idman yarışmasının Azərbaycanda keçirilməsinə qərar verdilər.
Onu da fəxr və qürur hissi ilə demək lazımdır ki, məhz Azərbaycan cəmi iki il yarıma bu oyunlara belə yüksək səviyyədə hazır ola bilərdi. Ötən müddət ərzində oyunlara hazırlıqla bağlı Azərbaycanda möhtəşəm işlər görülüb. Halbuki, bir sıra ekspertlər, təşkilatlar hesab edirdilər ki, qısa zaman kəsiyində bu cür oyunlara hazırlaşmaq mümkün deyil. AncaqAzərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Birinci Avropa Oyunları Təşkilat Komitəsinin səyləri nəticəsində yüksək səviyyədə hazırlıq işləri həyata keçirilir. Azərbaycan Avropa Oyunlarına tam hazırdır. Dünya bir daha şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər".
E. İbrahimov onu da vurğulayıb ki, ilk Avropa Oyunlarının Azərbaycana salınması bəzi xarici və daxili qüvvələrin ürəyincə deyil.
"Həmin qüvvələr böyük təlaş, həyacan, qüssə-kədər içindədirlər. Onlar heç cür həzm edə bilmirlər ki, məhz Azərbaycan belə bir idman yarışmasına ev sahibliyi edir. Ona görə də neçə müddətdir yenidən antiAzərbaycan kampaniyasına strat veriblər, bu oyunların baş tutmaması üçün hər cür alçaq addımlara gedirlər. Elə bu günlərdə Avropa Parlamentdə Avropa Oyunları ilə məlum "dinləmələr"in keçirilməsi də buna əyani sübutdur. Düzdür, həmin "dinləmələr"i təşkil edənlər bunu Avroparlamentin adından sırımaq istəyirlər, amma ora qatılanların sayı və tərkibi göstərir ki, bu, Avroparlamentin adından olan bir təbdir sayıla bilməz. Onlar-Avropatrlamentdəki antiAzərbaycan qüvvələr əslində bir daha bununla Azərbaycana qarşı münasibətlərini ortaya qoymuş, daim örtməyə, gizlətməyə, pərdələməyə çalışdıqları simalarını, mahiyyətlətini açıb göstərmiş oldular. Onların bu addımı Azərbaycanın inkişafını, müstəqil dövlət olmasını, heç kimin diktəsi ilə hərəkət etməməsini və müstəqil siyasət yeritməsini qəbul edə bilməməklə bağlıdır.
Həmin dairələr görün, hətta, nə günə qalıblar ki, vətən, dövlət xaini Ələkrəm Hümmətov kimi insanların sözünə möhtac durumdadırlar. Onu öz "tədbirlər"inə dəvət etməklə, ic üzlərini bir daha açmış olublar. Axı görəsən, onlar anlamırlarmı ki, Ələkrəm Hümmətov və onun kimi vətən, dövlət xainləri heç zaman Azərbaycan xalqı və dövləti adından danışa, onu təmsil edə bilməzlər... Çünki onlara-Ələkrəm Hümmətov kimi satqınlara, erməni muzdurlarına, damarlarında azərbaycanlı qanı axmayan birilərinə və birisinə Azərbaycan xalqı arasında heç zaman yer olmayıb və bundan sonra da ola bilməz. Onlar hər zaman Azərbaycan xalqı tərəfindən nifrətlə anılıblar və anılacaqlar... Ancaq kimi dəvət edirlər-etsinlər, hansı "dinləmələr"i keçirirlər-keçirsinlər, hansı qərarları qəbul edirlər-etsinlər, heç bir əhəmiyyəıti və xeyri yoxdur. Həmin antiAzərbaycan qüvvələrin cəhdləri hər zaman olduğu kimi, bundan sonra da baş tutmayacaq, alınmayacaq, onların məkrli niyyətləri növbəti dəfə öz başlarında çatlayacaq. Çünki Azərbaycan dünyada imzasını imzalar içinə atmış bir ölkədir. Azərbaycan dünyanın söz və nüfuz sahibi olan ölkələrindədir. Heç bir şantaj, təhdid, təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz və bilməyəcək. Azərbaycan "Eurovision-2012" mahnı yarışması kimi, ilk Avropa Oyunlarına da uğurlu evsahibliyi edəcək və bununla dostlarını bir daha sevindirəcək, düşmənlərini, bədxahlarını isə bir daha xəyalqırığlığına uğradacaq, məyus edəcək"-deyə, E. İbrahimov daha sonra sözlərinə əlavə edib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31