"Aİ və Azərbaycan Uorlikin təxribatına imkan verməməlidirlər"
13:17 16-05-2015
CƏMİYYƏT
"Aİ və Azərbaycan Uorlikin
təxribatına imkan verməməlidirlər"
Amerikalı həmsədr Ceyms Uorlikin yaxın zamanda həmsədrlərin regiona səfər edərək prezidentlərin görüşünü hazırlamağa başlayacağını bildirməsi Avropa İttifaqının Riqa sammiti ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə qarşı təxribatdır. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
M.Əhmədoğlu deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Aİ-nin Riqa sammitində iştirak edəcəyi gözlənilir: "Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. Tənzimləmənin həqiqi tərəfdarları bu görüşün baş tutmasına səy göstərməlidir. Uorlik isə hansısa ehtimali görüşdən danışır. Bu, Uorlik tərəfindən incə saxtalaşdırma diplomatiyasıdır. Uorlikin bütün fəaliyyəti ermənilərin maraqlarını təmin etməyə yönəlib. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha konkret, daha məqsədəuyğun mövqe nümayiş etdirib. Son dövrlərdə Avropa İttifaqı yeganə strukturdur ki, status-kvonun saxlanılmasının əleyhinə çıxış edir. Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərə ən dolğun, təkmil və hüquqi cəhətdən əsaslandırılmış mövqe bildirdi. Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərin hüquqi əsasının olmadığını bəyan etdi. Bununla da Dağlıq Qarabağ rejiminin qondarma qurum olduğunu rəsmən bəyan etmiş oldu".
Politoloq qeyd edib ki, son vaxtlar Avropa İttifaqının Ermənistanla münasibətlərində də ciddi problem yaranıb: "Faktiki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının həmmüəlliflərindən biri Serj Sərkisyandır. Ermənistan prezidenti S.Sərkisyan o vaxt Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gələrkən antirusiya mövqe nümayiş etdirəcəyini, Ermənistanı Rusiyanın təsir zonasından çıxarıb Qərbin təsir zonasına salacağı barədə öhdəlik götürmüşdü. S.Sərkisyan prezident seçilən kimi ilk atdığı addımlardan biri Şərq Tərəfdaşlığı Proqramına dəstək vermək oldu. O zaman həm Polşanın, həm də İsveçrənin antirusiya mahiyyəti bəlli idi. Ermənistan bu iki dövləti təşviq edərək Şərq Tərəfdaşlığı Proqramını ortalığa qoydurdu. Məhz həmin dövrdə S.Sərkisyan Avropa liderləri ilə Şimali Qafqazdakı vəziyyəti müzakirə etdi. Şimali Qafqaz Rusiyanın ən ağrılı nöqtəsidir. S.Sərkisyan sözünün üstündə durmadı və 2013 -cü il sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinin təkidi ilə Şərq Tərəfdaşlığı Proqramı ilə assosiativ müqaviləni imzalamaqdan imtina etdi və bununla da bütövlükdə Şərq Tərəfdaşlığı Proqramı iflasa uğradı".
Mərkəz direktoru bildirib ki, Şərq Tərəfdaşlığı Proqramı 3 dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqe ortalığa qoymuşdu: "Zaman keçdikcə onun Dağlıq Qarabağ məsələsində ortalığa qoyduğu mövqe Ermənistanın xeyrinə dəyişirdi. Şərq Tərəfdaşlığı Proqramının iflasa uğramamışdan qabaq ermənipərəst olmasında ən mühüm funksiyalardan birini Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle yerinə yetirdi. Bu proseslərə görə Avropa siyasətçiləri, Avrokomissiyanın rəhbərliyi Ermənistanla bağlı məyus olublar və narazılıqlarını da gizlətmirlər. S.Sərkisyan dəfələrlə Avropa məkanında olsa da, Avrokomissiyanın rəhbərliyində ciddi görüş keçirə bilməyib. İndi belə bir dövrdə Avropa İttifaqı Riqa sammiti ərəfəsində Ermənistanla məyusluğunu gizlətmədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivləşmək istəyir. Bu, Ermənistanın marağına uyğun deyil. Amma Ermənistan Dağlıq Qarabağ məsələsinin Avropa İttifaqı müstəvisində, Riqa sammiti müstəvisində müzakirə edilməsinin əleyhinə də açıq, birbaşa çıxış edə bilmir. Ona görə əlaltı C.Uorliki başa saldılar və C.Uorlik guya ATƏT-in Minsk Qrupu özü Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bununla da Uorlik Avropa İttifaqına mesaj verir ki, Riqa sammiti məkanında Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü təşkil etməsin. Çox güman ki, bu bəhanə S.Sərkisyan tərəfindən Riqa sammitində istifadə ediləcəkdir. Avropa İttifaqı sözünün üstündə möhkəm durmalıdır. Əgər prezidentlər hər ikisi orada iştirak edirsə, yalnız Azərbaycan və Ermənistan prezidentləri arasında görüşü təşkil etməlidir. Avropa İttifaqı Yenilənmiş Madrid Prinsiplərinin üstündə işləməklə onu Brüssel Prinsipləri, Avropa Prinsipləri, Riqa prinsipləri və s adı ilə ortalığa qoymalı və ATƏT-in Minsk Qrupunun da yeni prinsiplər üzrə əməkdaşlığa dəvət etməlidir. Bununla da Avropa İttifaqı Avropanın şərq hissəsi üçün, bütövlükdə Avropa məkanı üçün ən böyük təhlükələrdən birini neytrallaşdırmış olar. Avropanın və ABŞ-ın bir sıra məsələlərdə mövqeyini üst-üstə düşmür. O cümlədən, Avropa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövqeyində fərqlilik aydın görünür. C.Uorlikin mövqeyi isə ABŞ-ın mövqeyinin daha ermənipərəstləşmiş mövqeyidir. C.Uorlik təxribat xarakterli funksiyanı yerinə yetirir. Aİ bütün mümkün vasitələrdən istifadə edərək C.Uorlikin təxribatını neytrallaşdırmalı, Ermənistan prezidentinin real məzmunlu görüşə hazır olacağı təqdirdə görüşün keçiriləcəyi barədə açıqlama verməlidir. Rəsmi Bakı vaxtın azlığını nəzərə alıb vəziyyətin operativ izlənilməsinə nail olmalıdır".
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18