Bəzi oliqarxların pullarına daha bir ağır zərbə
15:39 19-05-2015
CƏMİYYƏT
Bəzi oliqarxların pullarına daha bir ağır zərbə
Onların ölkədən çıxardıqları milyardlar da geri qaytarılır
Ölkə gündəmi bəzi iri biznes nümayəndələrinin həbsi barədə xəbərlərlə çalxalanır. Söhbət yüz milyonlarla dövlət vəsaiti ilə bağlı dələduzluqdan gedir.
Müxtəlif KİV-in yaydığı xəbərlərə görə, bu vəsaitlər müxtəlif dövrlərdə Beynəlxalq Bank tərəfindən sahibkarlara verilib və geri alınmayıb. Bu barədə heç kim danışmayıb. Lakin iki ay öncə Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev öz postundan kənarlaşdırılıb.
Məhz bundan sonra sözügedən həbslərin başlaması əslində Hacıyevin vəzifəsindən kənarlaşdırılmasının da təsadüfi olmadığını göstərir. Halbuki o vaxt sabiq bank rəhbəri görəvindən ayrılmasını səhhəti ilə əlaqələndirmişdi. Oliqarxların həbsi isə əslində ortada tamam fərqli səbəblərin ola biləcəyini aydın şəkildə göstərir. Açıq görünür ki, C. Hacıyevin rəhbərliyi dövründə ona yaxın biznesmenlər aşağı girovla güzəştli şərtlərlə kredit alıblar və geri qaytarmayıblar.
Neftin qiymətinin enməsi ilə əlaqədar ölkənin gəlirlərinin azalması və manatın devalvasiyası maliyyə sistemində ciddi problemlər yaradıb. İndi həmin problemlərin həlli istiqamətindəki addımlardan biri məhz ABB-yə qaytarılmayan kreditlərin (deyilənlərə görə, onların ümumi həcmi 1,1 mlrd. manat təşkil edir) oliqarxlardan geri alınmasıdır.
Dünən yayılan bir məlumat isə prosesin bununla yekunlaşmayacağını deməyə əsas verir. Belə ki, bəzi oliqarxların ölkədən qanunsuz şəkildə çıxardıqları və offşor zonalara yönləndirdikləri pulların da geri qaytarılacağını göstərir.
Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır. Bu barədə məlumatı fineco.az agentliyi yayıb. Məlumatda deyilir ki, artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.
Hələlik təfərrüatlar məlum olmasa da hakimiyyətin offşor zonalardan pulların geri qaytarılmasına imkan yaradan qanun layihəsi üzərində işləməsi ciddi iqtisadi hadisədir.
Belə ki, son illər dünyada müşahidə edilən offşorlaşma kampaniyasından Azərbaycan da kənarda qalmayıb. Dünyanın vergi cənnətləri kimi tanınan offşor zonalara Azərbaycanda da milyardlarla dollar kapital axıb. Oliqarxlar bizneslərini offşor zonalarda qeydiyyatdan keçiriblər və beləliklə vergidən azaddırlar.
Ancaq indi neft gəlirlərinin azaldığı, ölkədə müəyyən iqtisadi çətinliklərin müşahidə edildiyi indiki vaxtda offşor zonalardan kapitalın geri qaytarılmasına imkan yaradan, yəni maliyyə amnistiyasını nəzərdə tutan qanunun qəbulu rasional addım ola bilərdi.
"Deoffşorizasiya" termini ilk dəfə Rusiyada yayılıb. Rusiya prezidenti Vladimir Putin Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra offşor zonalarda cəmləşdirilmiş kapitala aministiya verilməsini nəzərdə tutan qanun layihəsi hazırlamağı tapşırıb. Rusiyada deoffşorizasiya haqda qanun 2015-ci il, yanvarın 1-dən qüvvədədir.
Lakin ekspertlərin qənaətinə görə, bu qanunun effekti gözlənildiyi kimi olmayacaq. Çünki offşor zonalarda qeydiyyatdan keçmiş şirkətləri Rusiyanın yurisdiksiyası altına keçməyə sövq etmək elə də asan deyil. Şərtlər nə qədər cəlbedici olsa da bunun üçün ciddi struktur islahatları, korrupsiya və mülkiyyət hüquqları məsələsinin həlli lazımdır.
Məhz MDB ölkələrinin əksəriyyətində mövcud olan bu vəziyyət kapitalın offşor zonalara axıdılmasının əsas səbəblərindən biridir.
Digər tərəfdən, offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlər beynəlxalq maliyyə əməliyyatları aparmaq və müqavilələr bağlamaq üçün zəruridir.
Azərbaycanda bəzi oliqarxların offşor zonalarla bağlılığı şübhə doğurmur. İndi onların həmin zonalardakı kapitallarının da ölkəyə qaytarılması məsələsi gündəmə gəlib. Hansı ki, bunun nəticəsində bir tərəfdən neftin hasilatının azalması, digər tərəfdən isə «qara qızıl"ın qiymətinin ucuzlaşması səbəbindən yaranan maliyyə problemlərini əhəmiyyətli şəkildə həll etmək mümkündür.
Haqqında danışılan qanun layihəsi həqiqətən də hazırlanaraq qəbul edilərsə, bunun müəyyən oliqarxlara növbəti sarsıdıcı zərbə olacağını demək mümkündür. Onların öz sərvətlərini şübhəli şəkildə əldə etdiklərini nəzərə alsaq, belə bir addımın atılmasının cəmiyyətdə də təqdirlə qarşılanacağını söyləyə bilərik.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 12:34:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18