Riqa: məğlubiyyət şəhəri: Brüssel Bakıdan nə istəyir?
06:06 20-05-2015
CƏMİYYƏT
Riqa: məğlubiyyət şəhəri: Brüssel Bakıdan nə istəyir?
Mayın 21-22-də Riqada Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramı üzrə sammit keçiriləcək.
Altı ölkəni – Belarus, Moldova, Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanın qoşulduğu bu proqramın iflas etdiyinə dair fikirlər var. Xüsusilə, Ukrayna böhranından sonra bəzilərində Qərb olan inam azalıb. Eyni situasiya 2008-ci ildə Gürcüstanda baş vermişdi və Avropa gürcüləri sona qədər müdafiə etmədi. Ukrayna "atəşinin" fitilləndirilməsi bundan çox sonralar baş verdi və bu, "Şərq tərəfdaşlığı" proqramını səmərəsiz vəziyyətə düşürdü. Çünki proqram iştirakçıları etimad mühitinin zədələndiyini əsas gətirirlər.
Bu baxımdan, Riqa sammitinin səmərəli keçəcəyinə şübhələr yaranıb.
"Riqa sammiti daha
kədərli olacaq"
Publika.az xəbər verir ki, Şərqi Avropanın tədqiqatı mərkəzinin analitiki
Laurinas Kaşyunas Ukraynadan sonra Rusiyanın hədəfinə çatdığını hesab edir. Onun sözlərinə görə, NATO-nun inkişafı dayandı, "Şərq tərəfdaşlığının" bünövrəsi dağıldı: "Bu Rusiyanın əsas geosiyasi hədəfləri idi. Riqa sammiti əvvəlkilərə nisbətən daha kədərli olacaq. Ən yaxşı halda bu kədərli nəticələrin öhdəsindən gəlmək üçün cəhdlər ola bilər. Avropa Birliyi ölkələri hesab edir ki, indiki siyasi və geosiyasi kontekst "Şərq tərəfdaşlığı" üzrə daha güclü addımlar atmaq üçün əlverişli deyil. Hansı ki, bura üzvlük perspektivinin aktuallaşdırılması, vizasız rejimin tətbiq edilməsi kimi amillər daxildir. Ümumi mənzərə belədir ki, Ukraynadan vəziyyətin aydınlaşmasına qədər gözləmək lazımdır".
Qərb Rusiyaya
sataşmaqdan çəkinir
Litvanın "Delfi.lt" nəşri yazır ki, diplomatlar Riqa sammitinin müsbət və mənfi tərəflərini araşdırmağa başlayıb.
Ehtimallara görə, Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladığına görə Rusiyanın Ukraynada tətbiq etdiyi ssenari Gürcüstan və Moldovada da reallaşa bilər.
Buna əsas verən amillərdən biri də "Şərq tərəfdaşlığı" proqramında iştirak edən ölkələrə vizasız rejimin tətbiq edilməsidir. Misal üçün, Moldova artıq vizasız rejim haqda razılaşmanı imzalayıb. Gürcüstan bütün standartlara uyğundur və vizasız rejimi ala bilər. Lakin Avropa Rusiyaya sataşmaqdan çəkinir.
"Şərq tərəfdaşlığı" proqramına 6 ölkə daxil olsa da, Riqada hər ölkə üzrə ayrı qiymətləndirmə olacaq.
Belə ki, Ermənistan Rusiyanın yaratdığı Avrasiya İttifaqının üzvüdür. Bu isə ona Avropa Birliyi ilə assosiasiya və azad ticarət haqda danışıqlar aparmağa icazə vermir. Sadəcə olaraq, İrəvan ümumi prinsiplər haqda razılaşma imzalaya bilər.
Digər tərəfdən, Ermənistan və Belarus Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyir. Bu isə Avropa Birliyi ölkələrinin siyasətçiləri tərəfindən belə partnyorlara etibar edilməməsinin vacibliyi fikrinin irəli sürülməsinə səbəb olub. Belarus, assosiasiya və azad ticarət haqda razılaşmanı imzalaya bilməsə də, viza rejiminin sadələşdirilməsini istəyir.
"Bakını doğru bildiyi yoldan çəkindirmək asan deyil"
Laurinas Kaşyunas isə ciddi təhlükələrin olacağı xəbərdarlığını edib. Onun fikrincə, Vilnüs sammitindən sonra vəziyyət xeyli kəskinləşib: "Mən bunu Rusiyanın qələbəsi kimi qiymətləndirmək istəməzdim, lakin bu gün təşəbbüsü saxlamağın və digər ölkələrlə ünsiyyət qurmağın yolları haqda düşünməliyik. Hazırda Belarus ümumiyyətlə danışıqlarda iştirak etmək istəmir, Ermənistan Rusiyanın geosiyasi girovudur. Azərbaycan isə strateji danışıqları üstün tutur. Yəni bu ölkə daha çox özünə sərf edən formada hərəkət edir və onu doğru bildiyi yoldan çəkindirmək asan deyil".
Analitikin fikrincə, "Şərq tərəfdaşlığı" eyni yerdə dayanıb fırlanacaq, irəliyə doğru addım ata bilməyəcək.
"Azərbaycan özünü nə Avropa Birliyi ilə bağlamaq niyyətində deyil, nə də Avrasiya İttifaqı ilə. Bakının hədəfi Avropa ilə strateji əməkdaşlıqdır", - deyə ekspert qeyd edib.
Azərbaycana xüsusi əməkdaşlıq: Brüssel nə istəyir?
Bu arada Avropa Birliyi Azərbaycana xüsusi əməkdaşlıq haqda təklif vermək niyyətində olduğunu açıqlayıb.
Latviya XİN-nin "Şərq Tərəfdaşlığı"na dair xüsusi tapşırıqlar üzrə elçisi Yuris Poykans bu barədə danışarkən bildirib ki, Ukrayna, Moldova və Gürcüstan ilə assosiasiya barədə imzalanmış 3 saziş var.
"Gürcüstan və Ukrayna vizasız rejimin tətbiq olunması istiqamətində qətiyyətli addımlar atırlar. Aİ Riqa sammitində bu sazişlərin icrası məsələsində onlara dəstək verəcək. Eyni zamanda Azərbaycan, Ermənistan və Belarusa xüsusi əməkdaşlıq təklifi ediləcək. Biz bütün ölkələrlə münasibətləri bərabərlik prinsipləri əsasında qurmaq niyyətindəyik", - Yuris Poykans qeyd edib.
"Qərb Azərbaycan kimi
tərəfdaşı itirmək istəmir"
Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Brüssel Bakının Assosiativ Sazişi imzamalayacağını anlayıb: "Lakin Qərb Azərbaycan kimi tərəfdaşı itirmək istəmir və buna görə də xüsusi əməkdaşlıq təklif edir. Güman ki, bu əməkdaşlığın əsas istiqaməti energetika layihələri ilə bağlıdır. Eyni zamanda, bir sıra digər məsələlər bura daxil ola bilər".
F. Sadıqov qeyd edib ki, Azərbaycan heç vaxt Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməyib.
"Bakı həmişə bərabərhüquqlu əməkdaşlığı dəstəkləyib. Sirr deyil ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır, artıq TAP və TANAP layihələri üzərində razılaşma var və ciddi iş aparılır. Brüssel artıq yaxşı anlayır ki, Azərbaycanla əməkdaşlıq yalnız qarşılıqlı maraqlar çərçivəsinə ola bilər", - deyə o qeyd edib.
Digər Xəbərlər
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31