Şeyx İranın ali dini liderini Azərbaycana dəvət edib
10:30 02-09-2015
CƏMİYYƏT
Allahşükür Paşazadə: "Bu səfər Azərbaycan tarixində qalacaq"
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) QMİ-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə konfrans keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bir müctəhidin Azərbaycana gəlişi bizim tariximizdə bizə nəsib olmayan bir nemətdir: "Hələ Azərbaycan torpağına ayətullahül-üzma, müctəhid gəlməyib. Sovet dövründə biz onları oğrun-oğrun öyrənərdik. Amma bir müctəhidin bizim dövrümüzdə gəlməsi, bizləri ziyarət etməsi olmamışdı. Bu gün bizə böyük nemət qismət olub. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullahül-üzma gəlib. 92 yaşı olmasına baxmayaraq, böyük əziyyət çəkərək Azərbaycana gəlib. Bu səfər Azərbaycan tarixində qalacaq. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər".
Şeyxülislam Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etməsini istədiyini deyib.
Şeyx Həmədani haqqında qısa məlumat verən QMİ sədrinin sözlərinə görə, o, İranda Xomeynidən sonra şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir. Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib: "O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna, Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".
Konfransda çıxış edən İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Ocaqnecadın fikrincə, bu gün Azərbaycan xalqının yaddaşından heç zaman çıxmayacaq: "Ona görə ki, bu gün möhtərəm, hörmətli alimin, müctəhidin və mərceyi-təqlidin qarşısında oturmuşuq və bir müctəhidlə görüş keçiririk".
O, qeyd edib ki, elm gözəldir və İslam insanları daim elm öyrənməyə təkid edir: "Azərbaycan torpağında da həmişə böyük elm adamları, müctəhidlər yetişib, yaşayıb. Məsələn, ayətullahül-üzma Şeyx Əbdulqəni Badi-Kubeyi, Şeyx Hüseyn Ramanayi, Şeyx Mirəbdülqəni Badi-Kubeyi, Şeyx Məhəmməd Lənkərani, Şeyx Mirsüleyman Salyani və b. Azərbaycan alimlərini saysaq, bir kitab olar. Azərbaycan həmişə müctəhidlərlə ünsiyyətdə olub. Lakin müstəqil olandan sonra Azərbaycana ilk dəfədir ki, bura böyük İslam alimi təşrif buyurur. Hamınızın gözəl tanıdığı rəhmətlik Şeyx Fazil Lənkərani də ağanın şagirdlərindən olub. Əlbəttə ki, belə bir alimin, özü də müctəhidin Azərbaycana gəlişi çox əlamətdardır".
Mədəniyyət Mərkəzinin sədri vurğulayıb ki, Şeyx Həmədaninin bir çox sahələrə aid elmi kitablarının Azərbaycan dilinə tərcümə olunması planlaşdırılır.
Toğrul
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22