Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokolunu Konstitusiya Məhkəməsinə təqdim edib.
Bu barədə MSK Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq edəcək(Report).
Qeyd edək ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.
Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub. Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.