ATƏT Parlament Assambleyasının Tbilisidə keçirilən 25-ci sessiyası çərçivəsində bir qrup qeyri-hökumət təşkilatının nümayəndələri Azərbaycan əleyhinə tədbir keçirməyə cəhd göstəriblər.
Unikal.org AZƏRTAC-a istinadla xəbər verir ki, Avropanın bəzi antiazərbaycan qüvvələri tərəfindən maliyyələşən bu təşkilatların nümayəndələri ölkəmizlə bağlı böhtan xarakterli çıxışlar ediblər.
Onların bu çıxışları isə Azərbaycan nümayəndələri ilə yanaşı, Gürcüstanın QHT təmsilçiləri və gürcü politoloqlar tərəfindən etirazla qarşılanıb.
Gürcüstanda fəaliyyət göstərən İnsan Haqlarının Müdafiə Təşkilatının rəhbəri Levon Çxeidze, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, Art-Paralel televiziya şirkətinin direktoru Tengiz Txivala çıxış edərək Azərbaycanın iqtisadi tərəqqisindən, Cənubi Qafqazdakı aparıcı rolundan danışıb, ölkəmizdə demokratiyanın inkişafının göstərici olan bir sıra faktları diqqətə çatdırıblar.
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edildiyini, qeyri-hökumət təşkilatlarına, hətta müxalifət mətbuatına dövlət tərəfindən təmənnasız maliyyə yardımlarının göstərildiyini konkret faktlarla diqqətə çatdırıb. Deputat özünü hüquq müdafiəçisi adlandıran bəzi şəxslərin Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına biganə yanaşaraq ölkəmizlə bağlı böhtan xarakterli fikirlər səsləndirmələrinin təəssüf hissi doğurduğunu qeyd edib.
Səsləndirilən faktlar qarşısında çıxılmaz vəziyyətdə qalan təşkilatçılar tədbiri yarıda dayandırmaq məcburiyyətində qalıblar.