Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası işini davam etdirir.
İyulun 4-də qurumun demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının vəziyyəti, humanitar durum və s. məsələlər, eləcə də bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.
Unikal.org azvision.az-a istinadən bildirir ki, Ermənistandan olan deputatlar qətnamənin "ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi" bəndinə "milli azlıqlar və dini qruplar" sözlərinin də əlavə olunmasını təklif ediblər. Azərbaycan nümayəndə heyəti isə belə bir əlavəyə ehtiyacın olmadığını bildirib.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil və bu, yeni problemlərin yaranmasına səbəb ola bilər. Azərbaycanlı deputatın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib. Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb.