Səhiyyə Nazirliyi Angioloji Mərkəzdə baş vermiş nöqsana dair qərar verib.
Unikal.org bildirir ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Səhiyyə Nazirliyinin kollegiya iclasında nazirliyin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində 24.06.2016-cı il tarixdə vətəndaş Məmmədova Tərlan Həsən qızının cərrahiyyə əməliyyatının aparılması zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib. Səhiyyə Nazirliyinin sərəncamına əsasən, hadisə aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya tərəfindən araşdırılıb.
Vurgulanıb ki, aparılmış kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası baş verib. Lakin sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq 23.06.2016-cı il tarixdə mərkəzdə aparıcı mütəxəssislərin, o cümlədən mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş konsilium tərəfindən T. Məmmədovanın sol aşağı ətrafının budun aşağı 1/3-də amputasiya əməliyyatının həyata keçirilməsi qərara alınıb.
Buna baxmayaraq, cərrahiyyə əməliyyatı zamanı mərkəzin həkim-cərrahları Valeh Kərimov (əməliyyatı icra edən cərrah) və Əfsər Rzazadə (assistent) tərəfindən sol aşağı ətraf əvəzinə, kobud səhv edərək xəstənin sağ aşağı ətrafı amputasiya edilib.
Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.
Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Eyubov Yunis Şaiq oğluna həvalə olunub.
Məlumatda o da qeyd olunur ki, Sumqayıtda baş vermiş hadisə haqda da qısa müddət ərzində ictimaiyyətə açıqlama veriləcək.