Tikinti şirkətlərinin vətəndaşlara qarşı dələduzluğu, insanların MTK-lar tərərindən aldadılması adi hal alıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl xanım vətəndaş Aru Əliyeva mətbuata açıqlama verərək Yeni Hayat" Şirkətlər Qrupu tərəfindən aldadıldığını bildirirdi.
(Əvvəlki yazı ilə buradan tanış olun http://www.unikal.org/w119412.html)
Xanım eyni zamanda "Yeni Hayat" Şirkətlər Qrupunun "Park Azure" yaşayış kompleksindən mənzil alan bir neçə şəxsin müqaviləni imzaladıqdan, mənzilə baxış keçirildikdən sonra aldadıqları qənaətinə gədiklərini vurğulayırdı. Belə ki, aldıqları mənzilin ümumi sahəsi 147 kvadratmetr olub. Lakin onlar mənzilə baxış keçirərkən mənzilin sahəsinin 147 kvadratmetr yox, 132 kvadratmetr olduğunu görüblər.
Unikal.org olaraq Yeni Hayat" Şirkətlər Qrupundan məsələyə münasibət öyrənmək istəsək də, bu cəhdimiz baş tutmadı. Şirkətə dəfələrlə zəng etdik. Telefona cavab verən xanım aidiyyatı şəxslərin ofisdə olmadığını bildirdi.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü, deputat Rövşən Rzayev Unikal.org-a açıqlamasında bildirib ki, vətəndaşları aldadan belə şirkətlər ciddi şəkildə cəzalandırılmalıdır:
"Bu məsələ ciddi araşdırılmalıdır. Şirkətin vətəndaşı bu şəkildə aldatmağa haqqı yoxdur. Belə hallarla mübarizə aparmaq üçün ən əlverişli üsullardan biri də məsələnin KİV-də ictimailəşdirilməsidir. Digər insanlar da bu tip şirkətlərin belə qanunsuzluqlara yol verdiyi barədə məlumatlansınlar. Bu kimi hallar həqiqətən də çoxdur. Vətəndaşlarımız dələduz şirkətlərin qanunsuz əməllərindən əziyyət çəkirlər. Vətəndaşları aldadan şirkətlər birmənalı şəkildə məsuliyyətə cəlb olunmalıdırlar.
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə isə Unikal.org-a bu istiqamətdə qanunda olan boşluqlardan dələduzların rahat şəkildə istifadə etdiyini deyib:
"Vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılması ilə bağlı Baş Prokurorluq Yanında Korrupsiya Qarşı Mübarizə İdarəsinə bir neçə şikayət göndərmişəm. Tikinti şirkətləri kvadrat metr məsələsində alıcıları aldadırlar. Deməli, şirkət vətəndaşa satdığı balkonu da kvadrata daxil edib mənzil qiymətinə hesablayır. Bu tamamilə yanlış bir addımdır. Bunu da insanlar sonradan bilir. Bu məsələdə bir nizamlanma olmalıdır. Mən Parlamentin son iclasında bu məsələyə toxunmuşam. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında qanunun 13-cü maddəsinin -ci bəndi işlək mexanizmə gətirilməyincə şirkətlər vətəndaşları aldatmaqla məşğul olacaq. Qanun işləsə qeydiyyata gedərkən hər bir vətəndaşa aydın olacaq ki, mənzil kim təəfindən kimə satılıb. Qanunun işləməsi üçün də dəfələrlə məsələ qaldırmışam, müvafiq qurumlara müraciətlər ünvanlamışam. İnanıram ki, Milli Məclisin Payız Sessiyasında buna nail olacağıq. Ancaq bütün hallarda vətəndaşları aldadan şirkətlər ciddi şəkildə cəzalandırılmalıdır.
Həsən Babayev