İyulun 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifova Yaponiya hökumətinin 2016-cı il Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatının təqdim olunması mərasimi keçirilib.
Xatırladaq ki, cari ilin aprelində Yaponiya Hökuməti 2016-ci ilin Yaz Mövsümü Əlahəzrət İmperator Mükafatı ilə təltif olunan 91 xarici şəxsin adını elan etmişdi. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov da təltif olunanlar arasındadır.
Unikal.org xəbər verir ki, baş nazirin müavini Yaponiya-Azərbaycan dostluq münasibətlərinin, xüsusilə iqtisadiyyat sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün verdiyi töhfələrə, eləcə də iki ölkə arasında qarşılıqlı anlaşmanın təşviqinə görə geniş lentli "Gündoğar ordeni ilə təltif olunub.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi tədbirdə çıxış edərək bildirib ki, Abid Şərifov Azərbaycan-Yaponiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri kimi hər zaman iki ölkə arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsinə çalışıb, dəfələrlə Yaponiyaya səfər edib.
Qeyd olunub ki, geniş lentli "Gündoğar ordeni Yaponiyanın xarici vətəndaşlara təqdim etdiyi mükafatlar arasında ən ali səviyyəlisidir. Bu orden 2016-c il bahar mövsümündə təltif edilmiş 91 nəfərdən yalnız yeddisinə təqdim olunub. Təltifnamə İmperator Akihito və Baş nazir Şinzo Abe tərəfindən imzalanıb.
Baş nazirin müavini Abid Şərifov bu yüksək dövlət mükafatına görə Yaponiya hökumətinətəşəkkür edib. Dəfələrlə Yaponiyada olduğunu deyən Baş nazirin müavini yapon xalqının qonaqpərvərliyindən, zəhmətsevərliyindən söz açıb. Bildirib ki, Yaponiyanın ən böyük sərvəti məhz onun insanlarıdır.
Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə dərinləşdiyini diqqətə çatdırıb. Bildirib ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri əlaqələrimizi daha da möhkəmləndirdi və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verdi.
Abid Şərifov Yaponiya kreditləri hesabına Azərbaycanda həyata keçirilən layihələrin önəmindən də bəhs edib. O, Yaponiya hökumətinin ölkəmizdə müxtəlif sahələrdə kadrların hazırlanmasına verdiyi dəstəyi, yapon şirkətlərinin fəaliyyətini xüsusi vurğulayıb.