Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Prezidenti Petro Poroşenko iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Unikal.org Trend-ə istinadən bildirir ki, Ukrayna Prezidenti Petro Poroşenko Şəhidlər xiyabanını da ziyarət edib. Burada Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Petro Poroşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.