Xəzər dənizinin Xaçmazın Nabran ərazisindəki çimərliklərində antisanitariya vəziyyətini yaradanların bəziləri cərimələnib.
Unikal.org anspress-ə istinadən bildirir ki, qanun pozanlar 600-700 manat arası cərimə ödəməli olacaqlar.
DİN-nin İctimai təhlükəsizlik idarəsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ərazi idarəsilə birgə keçirdiyi yoxlama nəticəsində çimərliklər ərazisində 3 yerdə çirkab sularının birbaşa dənizə axdığı müəyyənləşib.
Ərazidə, həmçinin böyük bir zibilliyin qalaqlanaraq vaxtında daşınmaması da məlum olub. Bu məsələ ilə baglı da protokol yazılıb. Araşdırmalar nəticəsində müəyyənləşib ki, Nabran ərazisində daimi zibil poliqonu yoxdur. Elə zibilin vaxtında daşınmamasının əsas səbəblərindən biri də budur. Bu məsələ ilə baglı rayonun aidiyyəti qurumları qarşısında məsələ qaldırılması qərara alınıb.
Çimərlik ərazisində qadağan edilmiş yerdə ət kəsimi faktı da aşkarlanıb. Bunu həyata keçirənlər də cərimə olunub. Sahil boyu yoxlamalar mütəmadi davam etdiriləcək.