"Azərbaycan bu gün sivilizasiyalararası dialoqda xüsusi rol oynayır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilmişdir. Ölkəmizi bu gün çox tolerant, müasir, inkişafda olan ölkə kimi tanıyırlar".
Bu fikri iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki nitqində deyib.
Dövlət başçısı bildrib ki, artıq dünya ictimaiyyəti bilir ki, Azərbaycanda bütün millətlərin, bütün xalqların nümayəndələri bir ailə kimi, dostluq, ləyaqət içində yaşayırlar:
"Bu, bizim böyük sərvətimizdir. Avropa və İslam Oyunlarının Bakıda keçirilməsi yenə də bu məqsədi güdür. Çünki bu gün dünya miqyasında bizim rolumuz artır. Azərbaycan kimi ölkələr bu gün dünyada daha da böyük rol oynayır. Biz öz təcrübəmizi bölüşürük. Azərbaycan 25 il ərzində böyük və şərəfli yol keçmişdir. Biz cəmi 25 ildir ki, müstəqil dövlətik. Amma baxın, biz hansı zirvələrə çatmışıq?!".
İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan inkişaf edən ölkədir: "Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik. Həm 2008-2009-cu illərin, həm də 2015-2016-cı illərin böhranı bizim işimizə o qədər də böyük təsir etməyib. Nəyə görə? Çünki xalqla iqtidar vəhdət təşkil edir. Ona görə ki, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ona görə ki, biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik, müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə, bizim dünyadakı dostlarımızın sayı artır. Bizə olan hörmət də artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır".