Azərbaycanın baş prokuroruZakir Qaralovbu ilin aprelində ermənilərin törətdiyi cinayət hadisələri ilə bağlı başlanmış cinayət işinin istintaqından danışıb.
Unikal.org xəbər verir ki, Z. Qaralov bu gün keçirdiyi geniş əməliyyat müşavirəsində qeyd edib ki, bu il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasənAğdam, Tərtər, Goranboy,Füzulivə Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, artilleriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəymiş və ya onlar dağıdılaraq tam yararsız hala salınıb.
Z. Qaralov bildirib ki, Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyəti illə qəsdən öldürülməsi və digər faktlara görəAğdam, Tərtər, Goranboy,Füzulivə Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılıb.
Cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilib, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülüb, dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınıb, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilib, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilib.
Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.
Baş prokuror Zakir Qaralov ölkədə baş verən cinayyət hadisələrindən də danışıb. O qeyd edib ki, 2016-cı ilin birinci yarısında respublikada əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 min 251 cinayət qeydə alınıb.
Qeydə alınan cinayətlərin 85,6%-i böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,4%-i ağır və xüsusilə ağır növlər təşkil edib. Həyata keçirilən məqsədyönlü qabaqlayıcı tədbirlər nəticəsində qəsdən adam öldürmə, zorlama, xuliqanlıq, avtonəqliyyatın qaçırılması, yol-nəqliyyat hadisələri, qəzalarda həlak olanların və xəsarət alanların sayı əhəmiyyətli dərəcədə azalıb. Adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin açılması tam təmin edilib, keçmiş illərdən bağlı qalmış 205 cinayət açılıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, müxtəlif cinayətlər törətmiş 7003, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1121 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9% yaxşılaşaraq 85,6% təşkil edib.
2016-cı ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Qeyd edilən tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işin nəticəsində qeydə alınmış 87 qəsdən adam öldürmə cinayətlərindən 85 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 42 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 97,7 % (2015-ci ilin müvafiq dövründə 98,9 %) təşkil edib.
Müşavirədə xüsusi qeyd olunub ki, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə və yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdə Xaçmaz və Bərdə rayonlarında törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərindən 1-nin açılması təmin edilib, Bərdə rayonunda törədilməklə bağlı qalmış cinayətin açılması, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.