Zaqatala rayonunda sahibkara qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, iyulun 3-də Zaqatala rayonunun Aşağı Tala kənd sakini Ramiz Quliyev Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün yaşadığı kəndin ərazisindən həmkəndliləri Kamil Həmzəyev, Elçin Zeynalov və Anar Məmmədov tərəfindən avtomobilə oturdularaq kəndin kənarına aparılmasını, orada onu bıçaqla hədələyib 60000 manat pul tələb edilməsini, vermədiyindən döyülməsini və ayağına bıçaqla xəsarət yetirilməsini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmmədov tutulub. Onun evinə baxış zamanı 608 qram marixuana, "İJ markalı tüfəng və 42 ədəd patron aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Kamil Həmzəyev və Elçin Zeynalov da tutulublar.
Qeyd edək ki, R. Quliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olur.