Polis əməkdaşını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxs ifadə verdi.
Unikal.org bizimyol.info-ya istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qısqanclıq zəminində qətl törətməkdə təqsirləndirilən İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən İ.Bəbirov özünü təqsirli bildiyini deyib. O qeyd edib ki, hadisədən əvvəl keçmiş həyat yoldaşı ilə qətlə yetirilən Malik Muradovu bağ evində bir yerdə görüb və onların şəklinin çəkib. Hadisə baş verən gün Malikin ona hücum etməsi səbəbilə silah işlətdiyini deyib. Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu Qala qəsəbəsində qeydə baş verib. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov keçmiş həyat yoldaşının evinə gələrək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ.Bəbirov eyni vaxtda həyətdə fəhlə işləyən Nicat Şəbiyevi də bıçaqlayaraq hadisə yerindən qaçıb. Lakin Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb. Yaralı N.Şəbiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.
İlkin məlumata görə, İ.Bəbirov hadisəni namus üstündə törədildiyi bildirilib. O, ov tüfəngi ilə həyətə girərək bir neçə atəş açıb. Güllələrdən biri M.Muradovun baş nahiyəsinə dəyib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Əlavə edək ki, təqsirləndirilən İsgəndər Bayraməli oğlu Bəbirov 5 uşaq atasıdır.