Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyev keçinib. Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsal təxminən ikiay öncə əməliyyat olunmuşdu. Ona anasının böyrəyini köçürmüşdülər.
Unikal.org xəbər verir ki, mərhumun dayısı Rafiq Abbasov Milli.Az-a deyir ki, böyrək köçürmə əməliyyatını həkim Mircəlal Kazımi və köməkçisi Elnur gerçəkləşdiriblər. Yaxınlarını əmin ediblər ki, 15 günə xəstə yaxşı olacaq. Lakin ay yarım keçməsinə baxmayaraq Vüsalın səhhəti düzəlməyib. Dayısı söyləyir ki, Vüsal əməliyyatdan sonra xəstəxanadan kənarlaşmayıb, bu günə qədər həkim nəzarətində olub. Yəni onun ölümünün kənarda həkim göstərişinə riayət edilməməsi ilə əlaqələndirilməsi üçün bir əsas yoxdur.
Həkim Mircəlal Kazımi
R.Abbasov bildirir ki, böyrək köçürülmə əməliyyatından sonra orqanizmə şlanq daxil edilir ki, ifrazatı bunun vasitəsi ilə etsin. Bir müddətdən sonra, yəni xəstənin vəziyyəti stabilləşəndən sonra həmin şlanqı çıxarırlar. R.Abbasov iddia edir ki, həkimlər Vüsalın səhhətinin normallaşmamasına baxmayaraq şlanqı çıxarmağa çalışıblar: "Bu da özbaşına olmur. Əvvəlcə xəstə UZİ-yə salınmalıdır, baxılmalıdır ki, yeni qoyulan böyrək normal funksiyasını yetirirsə, o halda şlanq çıxarılmalıdır. Lakin onlar bunu etməyiblər. Şlanqı dartıb çıxarmağa başlayıblar".
Bundan sonra Vüsalın vəziyyəti pisləşməyə başlayıb. Dayısı vurğulayır ki, son bir həftədə xəstənin halı tamam dəyişib, ağrıdan qıvrılıb, amma Mircəlal həkimi palataya gətirə bilməyiblər: "Mircəlal həkim dərhal xəstəxanaya gəlməkdən imtina edib. Bildirirdi ki, ancaq birinci gün gələ bilər. Hansı ki, birinci günə də 3 gün var idi. Təzədən oradan yalvar-yapışla başqa bir həkim çağırdıq. Gecəylə xəstəni lazım olan yerdən yardılar. Bir vedrəyə yaxın çirk çıxdı uşağın bədənindən. Sən demə, artıq qana zəhərləmə veribmiş.Dörd gün ərzində çirk dolub orqanizmə".
Mərhum Vüsal Fərzəliyev
R.Abbasov qeyd edir ki, bundan sonra Vüsaldan anasının böyrəyini çıxarmalı olublar: "Ağzında şlanqla yaşadı bir müddət və bu gün səhər keçindi. Təsəvvür edirsiniz, Vüsalın vəziyyəti pisləşib, biz səhər bir nəfər həkim tapa bilmirdik ki, gəlib baxsın. Qoyublar tibb bacısının ümidinə. Və bu gün səhər ürək çatışmazlığından vəfat edib.
Abbasov əlavə edir ki, Mircəlal həkimin həyat yoldaşı həmin xəstəxanada UZİ həkimidir və ərinin nöqsanlarını ört-basdır etməklə məşğuldur: "Vüsalı aparırdıq UZİ-yə, həkim aparatın nəticəsini bizə göstərmirdi, dərhal gedirdi ərinin yanına və onun verdiyi rəylə qayıdırdı. Orada da göstərirdi ki, guya böyrəklərdə bir şey yoxdu, xəstənin narahatçılığının səbəbi bağırsaqlardadı".
Dayısı deyir ki, xəstəxanada, demək olar ki, hər gün insan ölür. Onun sözlərinə görə, Mircəlal həkimin əməliyyatından sonra neçə xəstə ölüb. "Buranın çayxanasında az bir müddət olmaq kifayətdir ki, vəziyyətin necə acınacaqlı olduğunu görəsiniz. Çayxana yox, sanki yas çadırıdır. Hamı ölüsünü ağlayır. Bir ətək pul verirlər, amma xəstələrini həkim öldürür. Biz təkcə Vüsalın dava-dərmanına 10-15 min pul vermişdik".
Milli.Az olaraq Həkim Mircəlal Kazımi ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, mobil nömrəsinə cavab vermədi, Elnur həkim, ümumiyyətlə,telefonunu söndürmüşdü. Səhiyyə Nazirliyinin mətbuat xidməti də telefon zənglərimizi cavabsız qoydu.