Bakı metrosunda saxlanılan Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevski azadlığa buraxılıb.
Unikal.org report-a istinadən bildirir ki, onun azadlığa buraxılması barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, cinayət işinə xitam verilib, S.İlyevski məhkəmə zalından azadlığa buraxılıb.
Belarus səfirliyindən fakt təsdiqlənib və bildirilib ki, S.İlyevski artıq Azərbaycanda deyil.
Qeyd edək ki, bu il martın 25-i saat 01:30 radələrində Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polisi Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus vətəndaşı Sergey Timofeyeviç İlyevski saxlanılıb.
Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, "Nikon" markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli "Sony" markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.
Belarusun Azərbaycandakı səfirliyi əməkdaşlarının yaxından iştirak etdiyi ilkin araşdırma zamanı S.İlyevski havalandırma sisteminin borusunda olan dəmir barmaqlıqları kəsməklə metropolitenin tunelinə daxil olmaq və divarlara qraffiti üslubda rəsmlər çəkmək istədiyini bildirib.
Bununla belə, S.İlyevskinin 2016-cı il mart ayının 18-də Belarusdan Gürcüstana, iki gün sonra Gürcüstandan Ermənistana getməsi, mart ayının 23-də yenidən Gürcüstana qayıdaraq oradan Azərbaycana gəlməsi müəyyən edilib.
Nərimanov Rayon Məhkəməsində Sergey İlyevski barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qərardan narazı qalan Belarus vətəndaşı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.