Dünyanın ən bahalı və ən nüfuzlu təhsil müəssisələrindən biri sayılan İton kollecinin (Eton College) bir qrup tələbəsi Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, V.Putinlə İton kollecinin 10 tələbəsi ötən həftə görüşsələr də, Britaniya mediası olaydan indi xəbər tutub: o da İton tələbələrindən birinin Facebook-dakı səhifəsində fotoları paylaşmasından sonra.
İtonda təhsil alan tələbələrlə görüşü şərh edən Daily Mail yazıb: "Britaniyanın baş naziri Tereza Mey sentyabrın 4-5-də Çinin paytaxtı Pekində, "Böyük İyirmiliyin" sammitində Vladimir Putinlə görüşməliydi. Lakin tələbələr avqustun 23-24-də Rusiyada olaraq Meyi qabaqladılar".
Səfərdə olmuş İton tələbələrinin bəziləri "bu mənalı görüş və səfər üçün yepiskop Tixona minnətdarıq" yazıblar. Britaniya mediası hesab edir ki, söhbət Yeqorsevsk yepiskopu Tixon Şevkunovdan gedir.
Yepiskop Tixonun köməkçisi Yevgeni Markin BBC-yə bildirib: "İton kollecinin yeniyetmə tələbələri yepiskopa sual verərək Rusiyaya səfər edə biləcəklərini soruşmuşdular. Bu sual yepiskopun martda İtona səfərində səslənmişhdi. Səfər sırf fərdi, tələbələrin dəvəti əsasında idi". Tələbələr Vladimir Putinlə görüşmək istədiklərini də dedilər. Yepiskop da bu görüş barədə qərarı yalnız Putinin özünün verə biləcəyini söyləmişdi".
Yevgeni Markin tələbələrlə Putinin görüşünün təfsilatlarından danışmaq istəməyib.
Görüş iştirakçılarından biri, İton tələbəsi Trenton Briken Facebook-dakı profilində yazıb: "Putinlə iki saat... O, ucaboy olmasa da, sanki bütün otağı şəxsiyyəti ilə doldurmuşdu".
Görüşün təşəbbüskarlarından biri, əslən Çindən olan Devil Vey isə Facebook-da yazıb: "Bu görüşün baş tutması üçün 10 ay, 1040 imeyl, 1000 SMS, saysız yuxusuz gecələr gərək oldu. Amma alındı, buradayıq".
İton kolllecinin rəsmi nümayəndəsi bildirib ki, kollec bu görüşü hazırlamayıb: "Görüş iştirakçıların şəxsi təşəbbüsüdür".
Britaniya mediası görüşü "Bizi şoka salan hadisə" kimi dəyərləndirib.
İton kolleci ənənəvi olaraq Britaniya elitasının yetişdirildiyi internatdır. Britaniyanın 19 baş naziri İtonun məzunudur.