Qafqaz Universiteti ətrafında hələ də sular durulmur. Universitetə yeni rektorun - Havar Məmmədovun da təyin olunması bu ali təhsil ocağı ətrafında söz-söhbətlərin səngiməsinə gətirib çıxarmır. Çünki ortada hələ də cavabsız suallar qalmaqdadır. Xüsusilə də, "Qafqaz"ın özəl ali təhsil müəssisəsi olmasını nəzərə alsaq, o zaman ümumiyyətlə, bu ali məktəbə rektor təyinatının hansı formada və necə həyata keçirilməsi sual olaraq qalır.

Unikal.org xəbər verir ki, bu məsələyə aydınlıq gətirmək üçün isə gununsesi.info-nun əməkdaşı Havar Məmmədovun özü ilə əlaqə saxlayıb. Açıqlamasında H. Məmmədov bildirib ki, onun rektor təyinatı hakimiyyət tərəfindən deyil, Azərbaycan Beynəlxalq Tədris Mərkəzi tərəfindən həyata keçirilib: "Bəli, Qafqaz Universiteti özəl ali təhsil müəssisəsidir, mən də buraya universitetin təsisçiləri tərəfindən təyinat almışam".

H.Məmmədovun Texniki Universitetdəki rüşvətxorluq hallarını Qafqaz Universitetində də təkrarlayacağı barədə sosial şəbəkələrdə yazılanlara gəlincə, o bunları deyib:

"Mən özüm rüşvətə qarşı barışmaz adamam, heç vaxt Qafqaz Universitetində belə bir hal ola bilməz. Qafqaz Universiteti əvvəlkindən də yaxşı, daha uğurlu fəaliyyət göstərəcək, çox ciddi islahatlar aparılacaq, yeniliklərimiz olacaq. Siz özünüz də bunun şahidi olacaqsınız. Heç kəs burada hansısa rüşvətxorluq hallarının olması barədə düşünə bilməz".