Lerik rayon Mastayil kənd sakini İsmayilova Fərqanə anası Sahurə ilə birlikdə keçmiş həyat yoldaşı Amin İsmayılovun atası İlyas İsmayılovun məzarına qarşı təhqiramiz hərəkətlər etməkdə ittiham olunur.
Unikal.org xəbər verir ki, bu barədə cebhe.info-ya mərhum İlyas İsmayılovun həyat yoldaşı Səmayə Ağamirzəyeva məlumat verib. O bildirib ki, keçmiş gəlini Fərqanə İsmayılova oğlu Amin İsmayılovdan boşandıqdan sonra bu ilin mart ayında qara bayramda anası ilə birlikdə Mastayil kəndinin ağsaqqallarından biri olmuş İlyas İsmayılovun qəbir daşına nəcis yaxıb. Bu barədə Lerik Rayon Polis Şöbəsində araşdırma başlanıb və polis şöbəsinin müstəntiqi Zeynal Allahverdiyevin icraatına verilib. Səmayə Ağamirzəyeva deyib ki, hadisədən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, cinayət işi üzrə heç bir nəticə əldə etməyiblər:
"Həyat yoldaşım İlyas İsmayılovun qəbrinin təhqir edilməsində Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə qəbir üzərində təhqiredici hərəkət cinayətinin tərkibi var. Keçmiş gəlinim kimlərləsə əlbir olub mənə yaşamağa imkan vermir. Qoymurlar ki, evimdə rahat oturum. Onun Lerik Rayon İcra Şöbəsində qohumu var. Onun əli ilə pensiyama da əl atılıb. Hər ay pensiyamdan 60 manat tutulur. İşığa görə hər ay 25 manat cərimə verməli oluram. Evdə nə qoyuramsa, keçmiş gəlin pəncərəni sındırıb hər şeyi evinə daşıyır. Boşanandan bəri alimentini veririk. Amma bununla razılaşmır".
Səmayə Ağamirzəyeva keçmiş gəlini Fərqanə İsmayılovanın Lerik Rayon İcra Şöbəsinin icra məmuru Anar Əliyev adlı qohumu tərəfindən himayə olunduğunu da iddia edib.
Səmayə Ağamirzəyeva onu da əlavə edib ki, bununla bağlı baş prokuror Zakir Qaralova müraciət edəcək.
Qarşı tərəfin mövqeyini yayınlamağa hazırıq.