Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə başlayıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı sentyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, qətl bu il iyun ayının 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.
O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.