Ağsu rayonunda qızın toyuna bir gün qalmış sevdiyi oğlanla qoşulub qaçması barədə xəbər vermişdik. Bildirilirdi ki, qız İsmayıllı rayonunun Topçu kəndindən olan qohumuna nişanlıymış. Toydan bir gün əvvəl isə məlum olub ki, qız başqasıyla qaçıb.
Unikal.org-un ölkə.az-a istinadən məlumatına görə, Əhməd Əhmədovun (bəyin) atası Ağasi Əhmədovu (adlar şərtidir-red.) baş vermiş hadisəylə bağlı danışdırıb.
- Toy nə vaxt olmalıydı?
- Ayın 21-də.
- Deyəsən qızın ailəsi ilə qohumsunuz.
- Bəli, yoldaşımla həmin qız xalaqızıdırlar.
- Əhməd indi haradadır?
- Bakıdadır.
- Əvvəldən bilirdiniz ki, bu qızın istədiyi olub?
- Heç birindən xəbərim olmayıb. Dörd ay əvvəl gedib ad eləmişik, nişanlamışıq. Oğlumla qızın bir-biri ilə telefon əlaqəsi olub, görüşüblər.
- Oğlunuzun 22 yaşı var. Bəs qızın?
- Qızın 19 yaşı var.
- Qız ailə qurub, yoxsa kimləsə qaçıb gedib, öz ailəsinin də xəbəri yoxdur?
- Qızın hara getdiyindən ailəsinin də xəbəri yoxdur.
- Toy İsmayıllıda olacaqdı, yoxsa Ağsuda?
- Sentyabrın 17-də Ağsuda qız toyu olmuşdu. Gəlib oğlan toyuna hazırlaşdıq. Onlara dedik ki, qızı aparaq bir qohumgildə qoyaq, oradan aparaq şadlıq sarayına. Çünki məsafə uzaqdır, biz də toya hazırlaşmalıydıq. Dedik ki, heç olmasa, bir gün əvvəl aparaq, yenə də razılaşmadılar. Mən burada bütün hazırlığımı gördüm, adamlarımı çağırdım, heyvanlarımı kəsdim. "Topçu" şadlıq sarayında sentyabrın 21-də toy olacaqdı. Saat 2-3 radələrində xəbər gəldi ki, toyu saxlayın, gəlin qaçıb.
- Xəbəri kim verdi sizə?
- Tez-tez buradan orayla əlaqə saxlanılırdı. Bir dəfə zəng edəndə də belə dedilər.
- Bu qızı uşaq vaxtından tanımısınızmı? Bəlkə hansısa psixi problemi olub?
- Normal insan idi. Ailələrini əvvəldən də tanımışam, son 3-4 ay da mütəmadi gedib-gəlmişik. Qız yoldaşımla doğma xalaqızıdırlar.
- Adətən qadınlar belə münasibətlərdə əlaqələndirici rolunu oynayırlar. Bu evlilik həyat yoldaşınızın məsləhətiylə olmuşdu?
- Xeyr, oğlum əsgərlikdən əvvəl görüb bəyənmişdi. Onlar da bizə gəlib gedirdilər. Əsgərlikdən bir müddət sonra dedi ki, o qızı istəyirəm, ya da heç kimlə evlənməyəcəm.
- Xeyli xərc çəkmisiniz. Yaxın zamanlarda oğlunuzu evləndirmək fikriniz var, yoxsa toy məsələsi uzunmüddətli təxirə salındı?
- Toy məsələsini təxirə salmışıq.