Rus ordusu Rakkaya girəcək.
Ruslar ABŞ və PKK-ya sürpriz hazırlayıb.
Unikal.org xəbər verir ki, ABŞ PKK terror təşkilatı ilə birlikdə Rakka şəhərinə əməliyyat planlaşdırıb. Rusiya da Suriyanın Rakka şəhərinə aid plan hazırlayıb. Rəsmi Moskva Vaşinqtondan əvvəl hərəkətə keçib Rakkaya girmək istəyir.
ABŞ-PKK ittifaqının əməliyyat hazırladığı Rakka şəhərinə Rusiya da girmək üçün niyyətlənib. Gəmilər gecə-gündüz Suriyaya silah-sursat daşıyır. Rusiya Vaşinqtondan əvvəl hərəkətə keçib İran və Əsədlə ittifaq quraraq Rakkaya daxil olacaq.
Rusiya prezidenti Putin Suriya ərazisinə dəniz və hava yolu ilə silah daşınmasını artırıb. Rusiya İŞİD-in nəzarətində olan şəhəri ələ keçirmək üçün İranın dəstəklədiyi şiə silahlıları və Əsəd ordusu ilə birlikdə hərəkət edəcək.
Bu yaxınlarda ABŞ rəsmiləri Rakka şəhərinin təmizlənməsi üçün plan hazırladıqlarını və PKK ilə birlikdə hərəkət edəcəklərini bəyan etmişdilər. Verilən xəbərə görə, hazırlıqlar başa çatıb və yaxın günlərdə əməliyyata start veriləcək.
Suriyada hərbi kontingentini artıran Rusiya son bir ayda 7 gəmi silah-sursatı Tartus və Hımeymim limanlarına daşıyıb. Silahlar bu limanlardan Rakka ətrafında yerləşən Əsəd ordusuna təhvil verilib. Eyni zamanda bölgəyə 30-dan çox tank göndərilib və əməliyyatda hava hücumundan da istifadə ediləcəyi bildirilib.
Rus hərbi donanması isə Aralıq dənizinə doğru irəliləyir. Bu xəbər NATO ölkələrində panikaya səbəb olub. Qeyd edək ki, "Admiral Kuznetsov" hərbi təyyarə gəmisi də daxil olmaqla 8 hərbi gəmi Suriyada gedən vətəndaş müharibəsində iştirak etmək üçün yola çıxıb. Donanmaya nüvə silahı olan "Böyük Pyotr" sualtı qayığı da daxil edilib.