National Geographic jurnalının üz qabığındakı foto ilə yaddaşlarda qalan "Əfqan qızı" ləqəbli Şərbət Gula saxta pasportla Pakistanda yaşamaq icazəsi almaq ittihamı ilə həbs edildikdən sonra zaminə buraxılıb.
14 il həbs cəzası ilə üz-üzə qalan Gulaya görə Pakistanın daxili işlər naziri də məsələyə müdaxilə edib.
Nazir Çaudhri Nisar Əli Xan "deyəsən bu məsələyə, həm onun qadın olması, həm də insani bir acını tərənnüm etməsinə görə yenidən baxası olacam" deyib. Lakin nazir deyib ki, Gulaya qarşı ittihamlar ləğv edilməyəcək.
"Əgər onun barəsindəki ittihamları ləğv etsək və onu ölkədən çıxarsaq ona saxta pasport verən şəxslər barədə də ittihamları geri götürməliyik. Burada əsl günahkar onlardır və mən onların cəza çəkməsini istəyirəm".
Unikal.org "BBC Azərbaycancaya istinadən xəbər verir ki, sən demə "Əfqanqızı" 2 ildir həbsdə imiş.
Məlumata görə, Gula 2014-cü ilin aprelində "Şərbət Bibi" adından istifadə edərək Pakistanda saxta pasport üçün müraciət edib.
Pakistanın Federal Araşdırma Bürosu Şərbət Gulanı "yaşamaq icazəsi saxtakarlığı" ittihamı ilə iki ildir Peşaver kəndində həbs edib.
Əfqanıstandakı müharibə vəziyyətindən qaçan minlərlə əfqan müxtəlif yollarla Pakistana sığınmağa çalışır.
Bu ölkədə saxta pasportlarla əlaqəli başlanan əməliyyatlar nəticəsində 60,675 saxta sənəd ələ keçirilib.
BMT bildirib ki, Pakistanda 1,4 milyon qeydiyyatlı əfqan qaçqın yaşayır. Qeydiyyatsız qaçqınların sayının isə 1 milyondan çox olduğu güman edilir.
12 yaşlı Şərbət Gula qorxu dolu yaşıl gözlərinə görə 1985-ci ildə National Geographic jurnalının üz qabığında çap edilmiş fotodan sonra məşhur olub və fotoqraf Steve McCurry-ə məşhurluq gətirib.
Steve McCurry 1984-cü ildə Pakistanın şimal-qərbində qaçqın düşərgəsində Gülanın fotosunu çəkib. 17 il Şərbət Gulanı axtaran McCurry onu 2002-ci ildə tapıb. Həmin vaxt Gula Əfqanıstanda bir kənddə çörəkçi əri və 3 uşağı ilə birgə yaşayırdı.
McCurry həbs xəbərini eşitdikdən sonra Instagram-da Şərbət Gulanın ikonik fotosunu paylaşıb: "Ona və ailəsinə hüquqi və iqtisadi yardım etmək üçün nə lazımdırsa etməyə hazıram. Rəsmilərin bu hərəkətinə mümkün olan ən güclü şəkildə etiraz edirəm. O bütün həyatı boyu əziyyət çəkib və bu həbs onun insan haqqının ən qorxunc şəkildə pozulmasıdır".