Bakının AZAL klubunun futbolçusu David Canelidze "Rəvan" komandasının oyunçusu Zahid Quliyevin ittihamlarına cavab verib.

Unikal.org xəbər verir ki, iyirmi yeddi yaşlı hücumçu report-a açıqlamasında onun iki komanda arasındakı Azərbaycan Kubokunun 1/8 final matçına pul qoymasına dair Z.Quliyevin dediklərini təkzib edib. O, "daha bir qol vuraq ki, mənim "stavka"m da düz gəlsin" sözlərini heç vaxt işlətmədiyini söyləyib: "Əvvəla, bizdə hər şey "İnStat" şirkəti tərəfindən videoya çəkilir və görüntülər klubumuza təqdim olunur. Videoda hər şey var, baxmaq olar. Mən, ümumiyyətlə, həmin insanı tanımıram. Burada oynadığım müddətdə onu heç vaxt görməmişəm, kim olduğunu bilmirəm. Digər tərəfdən, meydanda cəmi 14 dəqiqə olmuşam. Bir hücumçu kimi məqsədim daim qol vurmaqdır. Çünki oynamaq və baş məşqçiyə start heyətə layiq olduğumu sübut etmək istəyirəm. Mən yalnız futbol oynayıram və komanda yoldaşlarıma meydanda "Ötürmə ver", "Açıl" kimi sözlərdən başqa heç nə demirəm. Elə konsentrasiya olunmuşam ki, çoxlu qol vurum və karyeramda daim irəli addım atım. Yəni, tərəfimdən belə söhbət ümumiyyətlə olmayıb və heç danışmamışam. 4-cü qolum isə gözəl alındığı üçün əlimi yuxarı qaldıraraq, mərkəzə doğru qaçmışam. Həmin vaxt dilimdən heç bir artıq kəlmə çıxmayıb".

AFFA İntizam Komitəsi ötən gün Z.Quliyevi 7 oyunluq cəzalandırıb. Səbəb kimi onun rəqib futbolçunun etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verməsi göstərilib. Digər tərəfdən, "Rəvan"ın müdafiəçisi 90+1-ci dəqiqədə D.Canelidzeni vurduğu üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

İyirmi altı yaşlı oyunçu ötən gün "Report"a açıqlamasında gürcüstanlı legioneri məhz həmin sözlərinə görə vurduğunu bildirib. Canelidze isə Quliyevin onu nəyə görə arxadan güclü zərbə endirməsindən və sonradan etnik xarakterli təhqirə yol verməsindən xəbərsiz olduğunu söyləyib: "Bilmirəm ki, o, kürəyimə niyə elə təpik zərbəsi endirdi. Mən futbol oynayıram, o isə belə hərəkət edir. Videonun özü hər şeyi deyir. Hamı bilir ki, mən öz işimi peşəkarcasına görürəm. O məni vurduqdan sonra heç nə demir. Aramızda heç bir problem yaşanmır və qırmızı vərəqə alaraq, meydanı tərk edir. Mən ondan etnik xarakterli təhqir eşitməmişəm. Aramızda hansısa problem olsaydı, oyundan dərhal sonra deyərdi. Amma İntizam Komitəsi 7 oyunluq cəza verəndən sonra belə açıqlama verir. 7 oyunluq cəzanın ağır və ya yüngül olduğunu deyə bilmərəm. Yalnız onu bilirəm ki, videogörüntülər, kürəyimdə zərbə izləri və yara var. Baş hakim bunu görüb, İntizam Komitəsi araşdırıb və qərar çıxarıb. Amma etnik mənsubiyyətimlə bağlı təhqir eşitməmişəm".

Oyunlara heç vaxt pul qoyuluşu etmədiyini deyən forvard haqlı olduğuna əminliyini vurğulayıb: "Qoy araşdırma aparılsın. Yaxşı ki, hər şey çəkilir, hamı görür. Məni belə söhbətlər maraqlandırmır. Çünki öz oyunumu sərgilədiyimi və təmiz insan olduğumu bilirəm. Klubum "Rəvan"ın futbolçusunun açıqlamaları ilə bağlı lazımi tədbirləri görür. Bu, mənim marağımda olan məsələ deyil. Əsas məsələ odur ki, haqlı olduğumu bilirəm".

Qeyd edək ki, AZAL-ın "Rəvan"ı 4:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəldiyi görüşdə David Canelidze "dubl" edib.