ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan teleaparıcı Afaq Gəncəli maraqlı açıqlamalar verib.

Efirə videomesajla qoşulan xalq artisti Faiq Ağayev Afaq Gəncəli haqqında danışıb: "Afaqın televiziyaya gəlişi mənim yadımdadır. İlk təəssüratım o oldu ki, nə gözəl qızdır bu. Daha sonra Afaq ağıllı və müdrik olmasını da təsdiqə yetirdi. Afaqın apardığı verilişdə ilk qonağı oldum. Ondan sonra onunla çox yaxın olduq. Afaqı, böyük məmnuniyyətlə, baş rolda klipimdə çəkdim. Həm mələk, həm də iblisi oynamalı idi. "Əlvida" klipinin son çəkiliş mərhələsində səhər saatlarında saat 5-də qar yağmışdı. Çəkildiyimiz məkan da çox soyuq idi. Rejissorun istəyi ilə Afaq nazik paltarda mərmər pilləkanın üzərində uzanmalıydı. Mən də kameranın arxasında dayanıb Afaqın yerinə tir-tir əsirəm. Çəkiliş bitəndən sonra əlimə yorğanı götürüb Afaqın üstünə atıldım. Onu isitmək üçün çalışdım. Afaq çox keyfiyyətli jurnalistdir. Afaq ilk və son dəfə həcminə görə baş rolda mənim klipimdə çəkildi. Bir daha dəvət etsəm, hə cavabı olacaq, hə?"

Afaq Gəncəli də, öz növbəsində, Faiq Ağayevin dediklərinə belə cavab verib:

"Çox utandım. Mən təriflənəndə çox utanıram. İstəyirəm tez bitsin. Amma çox xoşuma gəlir. Tənqidləri də qəbul edib, nəticə götürürəm. Tənqid bir az mənə pis təsir edir, amma yaxşı ki var. Klip təklifinə gəlincə isə Faiq bəy cavabı özü dedi də (gülür). Mən çəkilmək istəmirdim. Faiq müəllim özü məni başa saldı hərtərəfli. Məni hər zaman kliplərə Afaq olaraq dəvət edirdilər. Mən də deyirdim ki, bu Afaq var zatən. Məni başqa rolda tanıtmalarını istəyirdim. Faiq müəllim mənə obrazı anladanda şeytan olmağı seçdim. 1 dubla şeytan oldum. Düşünürdüm ki, heç vaxt şeytan ola bilmərəm, amma elə qəşəng oldum ki".