Ölkə rəhbəri xalqı məscidlərə gedərək yağış yağması üçün dua etməyə çağırıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zayed Əl Nəhyan gözlənilməz açıqlama ilə çıxış edib. Unikal.org Sputnik-ə istinadən xəbər verir ki, Əl Nəhyan xalqı məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırıb.

Prezidentin bununla bağlı imzaladığı sərəncama əsasən, imamlar əhaliyə məscidlərdə yağış duası etməyin qaydasını başa salıblar. Bunun üçün məscidlərdə xüsusi mühazirələr də təşkil olunub. Prezident özü şəxsən Əbu-Dabidə yerləşən Şeyx Zaid məscidində mərasimə qatılıb.

"The National" nəşri yazır ki, BƏƏ-dən olan fermerlər son zamanlar su çatışmazlığı ilə əlaqədar əkin prosesini dayandırıblar. Meteorologiya və Seysmologiya üzrə Milli Mərkəzin məlumatına görə, 2016-cı ilin yanvarından marta qədər BƏƏ-də güclü yağışlar yağıb. Yağıntılar 2015-ci ilin analoji dövrü ilə müqayisədə çox olub. Lakin bundan sonra ölkədə quraqlıq müşahidə olunur. Qeyd edək ki, BƏƏ-nin bütün məscidlərində duanın oxunması Bakı vaxtı ilə 08:30-da başlanıb və 45 dəqiqə çəkib.