Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 

Unikal.org Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Qəhrəmanın atası Ağakərim İbrahimov keçiriləcək tədbirlərdən danışıb:

"Mənimçün Mübariz haqqında danışmaq o qədər də asan deyil. Amma həm də fəxr edirəm ki, belə bir oğulun atasıyam. Bu gün rayon icra hakimiyyətinin başçısı bizə gələcək, rayonda müəyyən tədbirlər keçiriləcək. Həm ölkə rəhbərliyindən, həm rayon rəhbərindən göstərdikləri diqqətə görə çox razıyıq, təşəkkür edirik. Evimizdə Mübarizin xatirə otağı var. Bütün əşyaları orada saxlanılır. Mübariz hamımızın qəhrəmanıdır. Oğlumla həmişəki kimi fəxr edirəm".

Xatırladaq ki, M.İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

2010-cu il 22 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.