Son günlər reper Anar Nağılbaz yazdığı statuslar, verdiyi açıqlamalarla gündəmə gəlib.

Unikal.org-un məlumatına görə, ifaçı maddi imkanının pis olduğunu, işsiz qaldığını deyib. Onun bu yaxınlarda yazdığı "Yox olmaq istəyirəm" statusu isə intihar etmək istəməsi kimi yozuldu.

A.Nağılbaz yanlış anlaşıldığını söyləyərək axşam.az-a maddi vəziyyətindən danışıb:

"Statusumda intahar etmək istədiyimi yox, "yox olmaq istədiyimi" yazdım. Dostlarla görüşüb, hardasa oturub əylənmək də bir müddətlik yox olmaqdır. Həyatımda çətinliklər var, amma intihar haqda düşünmürəm. Hazırda iqtisadi böhran təkcə Azərbaycanda yox, bütün dünyada hökm sürür. Böhran mənə də təsir edib. Hazırda işsizəm və çalışmağa yer tapa bilmirəm. Ailəmizdə heç kim işləmir, vəziyyətim ağırdır. Mənim tək istəyim öz sahəm üzrə televiziyada iş tapmaqdır.

A.Nağılbaz bir çox telekanala iş üçün müraciət etsə də, onu geri çevirdiklərini deyib:

"Televiziya rəhbərlərinin bəziləri ilə yaxşı münasibətim var. Amma buna baxmayaraq, müraciət etsəm də, işlə təmin olunmuram. Biz reperləri narkoman, spirtli içki aludəçisi kimi görürlər. Amma biz işinə sadiq olan insanlarıq. Bir vaxtlar televiziyada çalışmışam. Ətrafımda olan insanlar yaxşı bilir ki, mən işimi vaxtında və səviyyəli formada çatdırmağa qadir adamam. Bir vaxtlar meyxanaçıların da ünvanına bu cür ifadələr işlədirdilər. İndi meyxana milli musiqi kimi qəbul olunub. Azərbaycanda muğam, aşıq sənətini milli musiqi kimi dəyərləndirirlər. İmkan versələr, repi inkişaf etdirsək, onu da milliləşdirərik. Mənim tək səhvim repi toyxanaya aparmamaq olub. Hər zaman çalışmışam uzaq tutum. Düzdür, bu gün toylara dəvət alıram. Amma on dəvətdən səkkizi dost-tanış olur. Hazırda Azərbaycanda şou-biznes ancaq toydan ibarətdir. 25 yaşlı xanıma fəxri ad verilir. Bu, bütün ifaçıların yaralı yeridir. Mənə 2002-ci ildə fəxri ad verəndə, imtina etdim ki, hələ nə iş görrmüşəm?".

Reper "Bilirik ki, atanız bir vaxtlar millət vəkili (Rizvan Cəbiyev - red.) kimi çalışıb və imkanı yaxşı olub. Uzun müddət sizə maddi dəstək göstərib sualına belə cavab verib:

"Atamın mənə maddi dəstək olmasını heç vaxt danmamışam. İndi də atam mənə kömək edir. Biz hazırdaonun pensiyası ilə dolanırıq. Allah atamın canını sağ etsin. Övlad nə qədər pis olsa da, valideyn kəsib atmır. Demirəm ki, mən pis övladam, atama maneə yaradıram. Sadəcə atam mənim musiqi sahəsində olmağımla heç vaxt razılaşmayıb".