Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində mənzilində amansızlıqla öldürülən 53 yaşlı Anjelika Morozova ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, fevralın 24-də günün ikinci yarısında öldürüldüyü ehtimal edilən qadının cadugər olduğu bildirilib.
Rus magiyası ilə məşğul olduğu bildirilən qadın evində tək yaşayırmış və vaxtaşırı müştərilərini qəbul edirmiş.
Bildirilir ki, naməlum şəxs və ya şəxslər A.Morozovanı qətlə yetirməzdən əvvəl onu sorğu-sual ediblər və hələlik məlum olmayan mövzu barəsində ondan informasiya almağa çalışıblar. Qadından istədiklərini ala bilməyən və ya istəklərinə çatan həmin şəxslər daha sonra onu boğaraq öldürüblər. Boğulmaqdan əvvəl ona xəsarət yetirildiyi də üzə çıxıb.
Bu arada o da məlum olub ki, A.Morozova son olaraq fevralın 24-də səhər saatlarında sosial şəbəkədəki profilini açıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılır. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.