"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, adıçəkilən nəşrə istinadən xəbər verir ki, 2016-cı il ərzində 200 rusiyalı biznesmenin sərvəti 100 mlrd. dollar artaraq 460 mlrd. dollara çatıb.
Ümumilikdə rusiyalı milyarderlərin sayı 77-dən 96-ya qalxıb.
Beləliklə, "Novatek" və "Sibur" şirkətlərinin həmtəsisçisi Leonid Mixelson ən zəngin rusiyalı iş adamı ünvanını qoruyub. Onun sərvəti 18,4 mlrd. dollar təşkil edir.
Təhlil göstərir ki, il ərzində ən çox metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları varlanıb. Bu sektorun səhmləri digərlərindən daha çox bahalaşıb - "RTS Metal & Mining" indeksi hesabat dövründə 93% möhkəmlənib. Beləliklə, "Forbes Russia"nın tərtib etdiyi reytinqin zirvəsində 6 "metallurq" qərarlaşıb. Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisinin sərvəti 6,8 mlrd. dollar artsa da, o, var-dövlətini 6,6 mlrd. dollar artıran "Severstal"ın sahibi Aleksey Mordaşova qabaqlaya bilməyib və reytinqin üçüncü pilləsi ilə kifayətlənib. Mordaşovun 17,5 mlrd. dollar, Lisinin isə 16,1 mlrd. dollarlıq sərvəti var.
İl ərzində sərvətini 4,6 mlrd. dollar artıraraq 16 mlrd. dollara çatdıran Gennadi Timçenko reytinqin dördüncü pilləsindədir. Qeyd edək ki, Mixelson kimi Timçenko da "Sibur" neft-kimya kompleksinin səhmdarıdır.
2015-ci ilin yekunlarına əsasən 8,9 mlrd. dollarlıq sərvətlə reytinqin 9-cu pilləsində qərarlaşan həmyerlimiz, "Lukoil" neft-qaz şirkətinin rəhbəri Vahid Ələkbərov ötən il ərzində 8,9 mlrd. gəlir əldə edib və 14,5 mlrd. dollarlıq göstərici ilə 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Ələkbərov həm "Lukoil" şirkətinin prezidenti, həm də səhmdarıdır (23%).
Vahid Ələkbərovla yanaşı daha bir həmyerlimizin işləri qaydasında gedir. Belə ki, "Crocus Group" şirkətlər qrupunun təsisçisi və rəhbəri Araz Ağalarov 2016-cı il ərzində sərvətini 500 mln. dollar artıraraq 1,7 mlrd. dollara çatdırıb. Beləliklə, Ağalarov 55-ci pillədən 51-ə yüksəlib.
Maraqlıdır ki, ən zəngin rusiyalı iş adamlarının reytinqində yer alan digər üç həmyerlimiz ötən ili zərərlə başa vurub. Belə ki, Zarax İliyev, Qod Nisanov və Fərhad Əhmədov hər biri 100 mln. dollar olmaqla, ümumilikdə 300 mln. dollar itiriblər. İliyev və Nisanov 3,1 mlrd. dollarlıq göstərici ilə müvafiq olaraq 34 və 36-cı yerləri bölüşdüyü halda, Əhmədov 1,3 mlrd. dollarla 67-ci yerlə kifayətlənib.