Bir neçə gün öncə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Unikal.org xəbər verir ki, lent.az-a açıqlama verən xalq artistinin qızı, müğənni Səidə Dadaşova bildirib ki, atası sabah Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdiriləcək:

"İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Amma həkimlər yaxşı olacağını deyirlər".