Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Amerikaya səfəri zamanı Türkiyə səfirliyinin qarşısında baş verən insidentlə bağlı 12 mühafizəçi barədə cinayət işi başlanacaq, - Washington Post qəzeti yazır.
Xəbərdə cinayət işinin bu gün Vaşinqton bələdiyyə başçısı Muriel E. Bowser və Washington polis rəisi Peter Newsham tərəfindən keçiriləcək mətbuat konfransında ictimaiyyətə açıqlanacağı bildirlib.
Unikal.org BBC-yə istinadən bildirir ki, qəzet məlumatı adı açıqlanmayan iki mənbəyə istinadən yayıb.
Polis nümayəndələri, ABŞ-da axtarışda olan və Türkiyədə olduqları təxmin edilən 12 nəfər haqqında həbs qərarının çıxarıldığını söyləyiblər.
Washington polisi son həftələrdə ABŞ Xarici İşlər Nazirliyi və məxfi xidmət ilə birlikdə görüntüləri incələdiklərini və bundan sonra atılacaq addımlar istiqamətində çalışdıqlarını açıqlayıb.
Washington Post-un məsələ ilə bağlı Türkiyə səfirliyi ilə əlaqə saxlamaq cəhdləri uğursuzluqla nəticələnib.
Qəzetə açıqlama verən təhlilçilər və hüquqşünaslar Türkiyənin təhvil verməməsi səbəbiylə bu insanların məhkəmə qarşısında dayanmasının çətin olacağını söyləyiblər.
İki türk həbsdə
Baş verən insidentlə bağlı ABŞ-ın New Jersey ştatında yaşayan Eyüp Yıldırım və Virginia ştatı sakini Sinan Narin həbs edilib.
Qəzet "qəsdən hücum" ittihamı ilə təqsirləndirilən Narinin bu gün Washington-da məhkəməsinin keçiriləcəyini yazıb.
"İnsan yaralamaq" və "qəsdən hücum"da ittiham olunan Yıldırımın isə New Jersey-dən Washington-a gətirilməsinin gözlənildiyi qeyd edilib.
New York Times qəzetinin xəbərində isə Yıldırım və Narin Erdoğanın dəstəkçiləri kimi təqdim edilib.
Qəzet Yıldırm və Narinin Erdoğanı dəstkləmək üçün Washington-a gəldiklərini, təhlükəsizlik nümayəndələri ilə bir əlaqələri olub-olmadığının məlum olmadığını yazıb.
Yumruq davasına çevrilən insident Türkiyə prezidenti Erdoğanın ötən ay ABŞ-a səfəri zamanı baş vermişdi.
Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında Erdoğana etiraz edən nümayişçilərə Erdoğanın cangüdənləri və türk təhlükəsizlik nümayəndələri müdaxilə etmişdi.
Hadisə zamanı 11 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya çatdırılıb.
Polis hadisəni "dinc nümayişçilərə qarşı vəhşi bir hücum" kimi səciyyələndirib.
Prezident Ərdoğan da hadisəyə şahid olmuşdu.
ABŞ Türkiyəyə rəsmən müraciət edərək türk təhlükəsizlik nümayəndələrinin insidentdə iştirak etdiyini təsdiqləmişdi.
Türkiyə səfirliyinin nümayəndələri isə etirazçıalrın Ərdoğanı dəstəkləməyə gələnləri təhrik etdiklərini və qrupun özlərini müdafiə etmək üçün cavab verdiklərini söyləmişdi.