İyunun 22-i axşam saatlarında Urmiya gölü və onun ətraf ərazilərində duz fırtınası olub.
Unikal.org xəbər verir ki, fırtınanın görüntüləri sosial şəbəkələrdə yerləşdirib. Sosial şəbəkə istifadəçiləri bunun son zamanların ən şiddətli duz fırtınası olduğunu bildiriblər.
Qeyd edək ki, duz fırtınası insan sağlığı üçün zərərlidir. Belə ki, havaya daxil olan duz zərrəcikləri insanların sağlıq durumuna ciddi şəkildə təhlükə yaradaraq, göz, ağciyər xərçəngi, dəri, tənəffüs orqanları, qan təzyiqi və s. kimi xəstəliklərə səbəb olur. Hətta bəzi rəsmi şəxslər Urmiya gölü ətrafında yaşayan əhali arasında bir çox xəstəlik, xüsusi ilə də göz xəstəliklərinin artdığını etiraf ediblər.
Duz fırtınaları təkcə gölə yaxın şəhər və kəndləri əhatə etmir, Ərak, Qəzvin və hətta Tehrana qədər çatır.
Son illər Urmiya gölündə quruma prosesi gedir. Mövcudluğu təhdid altına düşən gölün bərpası üçün İran rəsmiləri kifayət qədər iş görmürlər. Ekspertlər bu gölün quruyacağı halda bölgədəki 20 milyona yaxın insanın təhdidlə üz-üzə qalacağını bildiriblər.