Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə Suriyadakı vəziyyət, Ukranya münaqişəsi, həmçinin kibercinayətkarlıqla mübarizə məsələlərini müzakirə edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Putin cümə günü Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı məlumat verib.

Yaponiya lideri Rusiya və ABŞ liderləri arasında danışıqların uzanması üçün Putin ilə görüşünü bir saat gözləməli olub.

"Mənim Birləşmiş Ştatlar prezidenti ilə olduqca uzun görüşüm oldu. Bir çox məsələlər yığılıb qalmışdı. Burada Ukrayna, Suriya və digər problemlər, bir sıra ikitərəfli məsələlər var idi", - deyə Rusiya prezidenti bildirib.

O əlavə edib ki, Trampla, həmçinin kibertəhlükəsizlik və terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.

Putin Yaponiya baş nazirini gözlətdiyinə görə, həm öz, həm də amerikalı həmkarı adından üzr istəyib.