Türkiyənin dünya şöhrətli alimləri və tanınmış siyasətçilərinin imzaladığı və ingilis, fransız, rus dillərində hazırlanan müraciət ATƏT Minsk Qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya, o cümlədən BMT, Avropa Birliyi, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti, BBC, CNN, DV (DW) vəs s. kimi böyük media qurumlarına göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları koordinasiya Şurasının üzvü, professor Aygün Attar məlumat yayıb. Müraciətdə 4 iyul 2017-ci ildə ermənilərin Füzuli rayonunun Alxanlı kəndində mülki əhalini hədəf alması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2 yaşlı körpə Quliyeva Zəhra Elnur qızının qətlə yetirildiyi bildirilib və Ermənistanın işğalının bölgə üçün nə qədər böyük faciələrə yol açdığı vurğulanıb.
Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını, xüsusilə bu konvensiyanın 1-ci maddəsini pozduğu qeyd edilən müraciətdə ATƏT və BMT-dən buna qarşı ciddi addımlar atılması istənilir.
Müraciət müəllifləri həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında saxladığı torpaqlarlardan dərhal və qeyd-şərtsiz çıxması barədə BMT TŞ-nin 4 qətnaməsi, Avropa Parlamentinin 2005-ci il 1416 saylı qərarnaməsi, 2005-ci il 1690 sayılı qərarı, həmçinin BMT Baş Assambleyasının 2006 və 2008-ci il qərarnamələri xatırladılaraq, Azərbaycanın ərazilərinin işğal altında olduğu faktının bütün mötəbər beynəlxalq qurumlar tərəfindən təsdiqləndiyini bildirmiş, buna rəğmən Ermənistanın hələ də işğalı davam etdirdiyi və mülki əhalini qətlə yetirdiyi, dünya güclərinin isə bu faktlar qarşısında İrəvana təzyiq etmədiyini xatırlatmışlar.
1992-ci il Xocalı soyqırımı barədə məlumat verən müəlliflər sonda "Azərbaycanın yürütdüyü siyasəti sorğulayan Qərbdən 2 yaşlı Zəhranın qatillərinin cəzalandırılmasını tələb etdiklərini bildiriblər.