Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin ildönümündə İstanbul və Ankarada abidələrin açılışı olacaq.
Unikal.org xəbər verir ki, bunu iyulun 12-də Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) baş qərargahında "15 iyul - Milli iradə qələbəsinin analizi" kitabının təqdimat mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, kitabda 15 iyul dövlət çevrilişi cəhdi, şəhid olan vətəndaşlarımız barədə ətraflı məlumat verilib.
"Necə ki, bugünkü Türkiyəni əcdadlarımızın tarixə qızıl həriflərlə yazdıqları qəhrəmanlığa borcluyuq, 15 iyul tarixinin də gələcək nəsillər üçün eyni məna ifadə edəcəyinə inanıram. İstanbul və Ankarada çevriliş cəhdinə qarşı xalqımızın müqavimət göstərdiyi yerlərdə abidələr ucaltdıq. Həmin abidələrin açılışı iyulun 15-də - dövlət çevrilişinə cəhdin ildönümü günü olacaq. Başqa bir abidə isə Türkiyə Böyük Millət Məclisinin binasının qarşısında inşa ediləcək. 15 iyulu milli anım günləri sırasına daxil etmişik və milli tariximizin simvollarından birinə çevrilib. Lakin 15 iyul hadisələrindən bir il keçməsinə baxmayaraq, hələ də həmin günün mənasını dərk edə bilməyənlər var", - deyə Türkiyə Prezidenti qeyd edib.