"Qarabağ"da işlərimin yaxşı gedəcəyini düşünüb təklifi qəbul etdim. Ancaq nələrin baş verəcəyini yaşayıb görəcəyik".
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Tarik Elyunussi deyib.
Dünən Norveç millisinin heyətində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı matçda iştirak edən 29 yaşlı yarımmüdafiəçi son anda "Qarabağ"ın heyətinə cəlb edilib.
Maraqlıdı ki, hücumameyilli futbolçu yerli mətbuata açıqlamasında qarşılaşmadan əvvəl keçidin reallaşmadığını bildirib: "Azərbaycanla oyundan əvvəl "Qarabağ"a keçəcəyimə əmin deyildim. Danışıqlar davam edirdi. Hətta matç başladıqdan sonra da mənim üçün heç nə bəlli deyildi. Çünki paltardəyişmə otağını tərk edərkən telefonumu orda qoymuşdum. Ancaq fasilədə böyük ölçüdə anlaşma əldə edildiyini öyrəndim. Yalnız müqavilənin xırda detalları qalmışdı. Demək olar ki, həll olunmuşdu. Matçdan sonra da telefonumu açdım və mənə dedilər ki, keçid həll edildi".
Elyunussi yığmamızla görüşdən öncə "Qarabağ"ın futbolçularının onu xüsusi salamladıqlarını da sözlərinə əlavə edib: "Azərbaycanla oyun zamanı rəqibin heyətində çıxış edən "Qarabağ"lılar sanki mənim ora keçəcəyimi bildirdilər. Çünki matçdan əvvəl mənə qarşı isti münasibət göstərdilər. Bu, mənim üçün çox önəmli idi. Mehriban insan kimi görünürdülər. Onlara "təşəkkür edirəm" dedim. İnanıram ki, yeni komandamda hər şey istədiyim kimi keçəcək. Mənim üçün maraqlı olacaq".
Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini "Olimpiakos"dan birillik icarəyə götürüb.