Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən "Azəravtoyol ASC "Azərsu ASC ilə birgə kompleks tədbirlər həyata keçirir.

 
Unikal.org bildirir ki, bu tədbirlər intensiv yağıntılar zamanı yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarda aparılır. Bu cür yollardan biri Binəqədi şosesidir.
 
Binəqədi şosesi boyu səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.
 
Bundan başqa 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyətinin itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparılır.
 
Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın.
 
Bundan başqa su xətlərinin köhnəlməsi tez-tez yol boyu borularda sızmaların baş verməsinə gətirib çıxarırdı. Bu isə öz növbəsində yol örtüyünə ziyan vururdu. Bunun da qarşısını almaq məqsədi ilə yol boyu köhnə su xətləri ləğv edilərək 3 km uzunluğunda yeni xətlər çəkilib. Həmçinin yeni qaz xətləri də çəkilib, elektrik və rabitə xətləri yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yeniləri ilə əvəz olunub.
 
Aidiyyəti qurumlarla birgə aparılmış bu işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının sığortalamış olacaq.
 
Yaxın günlərdə isə "Azəravtoyol ASC tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq. Yolda tam müasir yol infrastrukturu yaradılacaq. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni "cibli dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.