Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Nərimanov rayonu təhsil müəssisələrinin 2016-2017-cü tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilib.
İH-dən Unikal.org-a daxil olan xəbərə görə, İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altında olduğunu qeyd edib. İcra başçısı bildirib ki, qazanılan uğurlar hər şeydən əvvəl özünü ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında göstərir. 2016-2017-ci tədris ilində məktəbi bitirənlərin sayı 1777 nəfər olmuşdur. 2 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2017-ci ildə ali məktəblərə qəbul imtahanlarında 650 baldan yuxarı toplayan şagirdlərin sayı 32 nəfər olub. 1 nəfər tələbə Prezident təqaüdünə layiq görülüb.
Tədbirdə çıxış edənlər tələbə adını qazanmış gəncləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıblar.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.