Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan.
Unikal.org xəbər verir ki, Lent.az-ın "Ulduzların idman saatı layihəsində sizi onlarla idman zallarında görüşdürəcəyik.
Bu dəfəki "idmançımız əməkdar artist Nahidə Orucova oldu:
"Xeyli vaxt idi ki, idmana getmək istəyirdim. Amma alınmırdı. Qismət bu günə imiş. Bu gün ilk məşqimə çıxdım. Bildiyiniz kimi, mən əməliyyat etdirib mədəmi çıxartdırmışam. Elə ona görə də 25 kilo çəki atmışam. Xeyli arıqlayandan sonra bədənimdə, xüsusi ilə qollarımda dəri sallanmaları yarandı. Məcbur olub məşqçi Taleh Qəhrəmanova müraciət elədim, məşqə gəldim.
İdmana sevgisindən söhbət açan əməkdar artist bildirib ki, illər öncə həndbolla məşğul olub: "Mən aktrisa olmazdan öncə həndbolla məşğul olmuşam. Qapıçı idim. Elə idmandakı bu çevikliyim mənə səhnədə çox kömək olub.
Aktrisa bildirdi ki, çoxları onun plastik əməliyyatla piylərdən azad olduğunu yazsa da, bu, həqiqəti əks etdirmir: "Bəzi saytlar yazmışdılar ki, mən əməliyyatla piylərimi götüzdürmüşəm. Amma bu yalandı.
N.Orucova bildirdi ki, mədəsini çıxartdırandan sonra çox acmır: "Əvvəllər daha çox acırdım. İştaham çox güclü idi. İndi əksinə olub. Bir balaca tikə yeyən kimi doyuram. Mədəm olmadığına görə acmağımı yalnız qarnım quruldayanda bilirəm. (gülür) Yəni qurultu səsini eşidən kimi nəsə yeyirəm.
Daha sonra şəxsi həyatından da danışan əməkdar artist qeyd etdi ki, bir neçə gün öncə ona elçi gəlib: "Bu günə qədər sevdiyim bir şəxs olmayıb. Həyatımda yalnız qızımı sevirəm. Qadın kimi sevdiyim bir bəy olmayıb. 25-26 ildir ki, subayam. Bu illər ərzində xeyli namizədlərim olub. Heç birinə razı olmamışam. Sonuncu dəfə dünən mənə xarici bir vətəndaş elçi gəldi. Evlilik təklifi etdi, amma mən razı olmadım. Çünki o xaricdə, mənim işim isə burda. Ona görə də bu evliliyə "yox" dedim.
N.Orucova sonda onu da əlavə etdi ki, heç vaxt yaşı ilə bağlı kompleks yaşamayıb: "Yaşımı heç bir zaman gizlətməmişəm. 57 yaşın içindəyəm. Gizlətməyimin mənası yoxdur.
Aktrisanın məşqini sonda məşqçi Taleh Qəhramanov da dəyərləndirdi: "Bu gün Nahidə xanımın ilk məşqi yaxşı keçdi. Deyirlər ki, ulduzların kaprizi olur. Amma Nahidə xanımda kapriz olmadı. Ümumiyyətlə nəsə nəticə əldə etmək istəyirsənsə, gərək kaprizləri bir kənara qoyasan.