Azərbaycan Premyer Liqasının VI turunun "Qarabağ - "Sumqayıt (4:1) qarşılaşmasını izləyən milli komandamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra apasport.az və futbol11.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Oyundakı tempdən, millinin üzvlərinin çıxışından razı qaldınız?
- "Qarabağ hər matçda rəqiblərini məğlub edir, bu da normal haldı. Çünki futbolçuları keyfiyyət baxımından digərlərindən seçilir. Buna görə də oyunları rahatlıqla keçirirlər.
- Digər tərəfdən millinin üzvləri çempionatda rəqabət görmürlər. Bu, baş məşqçi kimi, sizi narahat etmir?
- Bu problemlə indi deyil, 3 ildi üz-üzəyəm. Təbii ki, millinin baş məşqçisi olaraq təkcə mənim deyil, "Qarabağ üçün də ciddi problemdi. Çempionatda təzyiqlə üzləşmədiklərinə görə, "Çelsi ilə matçda bu problemi gördük. İndi "Roma ilə oyun gəlir və "Qarabağı çətin oyun gözləyir. Ümumiyyətlə, bu cür rəqiblərə qarşı fərqli futbol oynamaq lazımdı.
- Mahir Mədətovun vurduğu qolları bəyəndinizmi?
- Qapıya tərəf iki zərbə endirdi və hər ikisi qol oldu. Çox gözəl qollar vurdu.
- Qarşıdan Çexiya, ardınca isə Almaniya ilə seçmə mərhələ oyunları gəlir. Sizi narahat edən məqamlar varmı?
- Yeni bir şey yoxdu. Nə var, əvvəldən olan problemlərdi. İndi narahat olacaq yeni problem yoxdu.
- "Roma ilə matçda "Qarabağın xal qazanmaq şansı nə dərəcədə realdı?
- Reallığı nəzərə alsaq, çox çətindi. Amma futbolda möcüzələr də baş verir, çox şey dəyişir. Çempionlar Liqası tam fərqli səviyyədi və komandalar yüksək oyun nümayiş etdirirlər. "Qarabağı çətin oyun gözləyir, amma lehinə olan məqamlar az deyil - tribunaların dolu olacağı, doğma meydan amili və s. Milli də Xorvatiyaya qarşı doğma meydanda qolsuz heç-heç etməklə 1 xal qazanmışdı. Yenə deyirəm, "Çelsi, "Atletiko və "Roma kimi komandalara qarşı oynamaq çox çətindi.
- Millinin hazırlıq planı necə olacaq?
- Sentyabrın 30-da təlim-məşq toplanışı başlayır. Turdan sonra Çexiya ilə matça hazırlaşmaq üçün az vaxtımız qalır. Oyunun səhərisi günü Almaniyaya yollanacağıq. Vaxtımız azdı, amma çempionatın təqvimi belədi, nə edə bilərik?
- U-21-lə bağlı hazırkı durum sizi narahat edirmi? İrlandiya ilə oyundan sonra hirsli idiniz-¦
- Ona görə hirsli idim ki, U-21 əsas millinin ehtiyat komandasıdı. Amma ehtiyat komandadan əsas milliyə yüksələcək potensiallı futbolçu görmürəm. Halbuki bu gün bizə bir neçə mövqedə rəqabət yaradacaq alternativ futbolçular lazımdı. Hirslənirəm ki, gənc futbolçular arasından seçim edə bilmirik.
- Bu futbolçular klublardan gəlirlər. Deməli, ordakı məşqlərin səviyyəsi çox aşağı olur. Klublarla milli əlaqəli şəkildə işləyirmi?
- Gənc oyunçulardan danışarkən, hazırkı nəsildən söhbət gedir. Uşaq futbolunda səhvlərə yol verilib. Konkret U-21-dən danışsaq, burda oynayan futbolçu sabah əsas milliyə namizəd olmalıdı. Ancaq bu gün həmin potensiala sahib oyunçu görmürük. Bəlkə 10 ildən sonra daha yaxşı nəsil yetişəcək. Lakin bu gün 19-20 yaşlı futbolçular yüksək səviyyədə çıxış edə bilmirlər ki, əminliklə onun əsas milliyə namizəd olduğunu qeyd edim.