"İnter" Topaz Premyer Liqasının 6-cı turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "İnter"in kapitanı Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
- Zədən nə yerdədi?
- Ayağım çox ağırdı. Yerə yıxılanda hiss etdim, sanki ayağım yoxdu. İndi heç nə deyə bilmərəm. Sabah tibbi yoxlanışdan keçəcəm. Ümid edirəm ki, ciddi heç nə yoxdu.
- "Neftçi"yə qarşı oynaya biləcəksən?
- Mən özüm də "Neftçi"yə qarşı oynamaq istəyirəm. Ancaq həkimin qərarından aslıdı.
- İlkin Qırtımovun qırmızı vərəqə qalmasından sonra əks-hücumlarda da oyununuz alınmadı...
- Heyətlə bağlı əziyyət çəkirik. Artıq bu, danışılası deyil. Komanda daxilində necə yorulduğumuzu özümüz bilirik. Qıraqdan asan görünə bilər. "Zirə" çempionluğa oynayır. Bu nəticə yaxşıdı. Bu nəticə ilə "Qarabağ"a kömək etdik və onlar lider qaldı.
- Bəs "İnter"ə kim ödəcək?
- Bizə də Allah.
- Sponsorlar da kömək etmir artıq?
- Bu barədə danışmağa çətinlik çəkirəm. Heç bilmirəm nə deyim.Həqiqətən də... Bilinmir ki, kim ağsaqqalıq edir bizə. Ancaq dərdimizi Zaur Axundova bölüşürük. Xeyirimizi, şərimizi ona deyirik. Maddi problemlərimizi ona deyirik və kömək əli uzadır. Mən deyərdim ki, "İnter"in futbolçuları meydana Zaur Axundova görə çıxır. O kişinin sözünü yerə salmırıq. Vaxt olub ki, o da bizim sözümüzü yerə salmayıb.
- Adın "Neftçi" ilə hallanır. "İnter"də maddi, "Neftçi"də isə oyun problemi var. Sən niyə problemlərdən qaçmırsan?
- Problemsiz heç nə yoxdu. Hər klubda daxili problem var. "Real"da da problemlər var. Hansı komandada problem yoxdu? "Neftçi" barədə danışmaq istəmirəm. 100 faizlik heç nə yoxdu. Dekabra qədər gözləyək.
- Zaur Axundov bildirdi ki, hamının mövsümün sonuna qədər müqaviləsi var..
- Zaur müəllim belə deyibsə, mən onun sözünün qabağında nəsə deyə bilmərəm.
- Tərlan Əhmədovun dəvətini yerə salarsan?
- Tərlan müəllimlə futbol da oynamışam. Bu məsələ ilə bağlı onunla bir masa arxasında əyləşməyə vaxt ayıraram. Ona böyük hörmətim var. Mən 19 yaşımda ailə həyatı qurmuşam. Bu izdivaca da Tərlan Əhmədovun köməyi dəyib. Yəni bu adam mənə bu qədər kömək edib. O, mənə böyük qardaşlıq və ağsaqqalıq edib. Eyni otaqda qalmışıq. Onun sözünü yerə sala bilmirəm. Amma mənim müqaviləm var. "İnter"in kapitanıyam və bununla fəxr edirəm. Müqaviləm bitənə qədər vəzifə borcumu yerinə yetirməliyəm.
- "İnter"i 3 dəfə tərk edib sonra geri dönmüsən. Amma ən yaxşı oyunlarını da "inter"də keçirmisən...
- Evimdəyəm də... "İnter" mənim evimdi.
- Səncə, evini tərk etməyə dəyər?
- Hələ heç nə dəqiq deyil. Planımda belə şey yoxdu.
- Millidən dəvət gözləyirsən?
- Cənab Prosineçkidən dəvət gözləyirəm. Mlliyə dəvət etsin və mən də həm Prosineçkiyə, həm də bizə inanmayan şəxslərə sübüt etmək istəyirəm ki, millidə oynaya bilirik və heç kimdən zəif deyilik. Həyatda hər şey baş verə bilər. Ola bilər ki, Prosineçki yatıb yuxuda görə bilər ki, Nizami Almaniya ilə oyunun start heyətində yer almalıdır.
- Açıq sözlərindən heç zaman çəkinməmisən...
- Mən heç vaxt çəkinən, nədənsə qorxan biri olmamışam. Həyatda hörmətin nə olduğunu bilirik.