Bakı və Abşeron yarımadasında, o cümlədən respublikanın rayonlarında hava şəraitinin dünəndən etibarən kəskin pisləşməsi ilə əlaqədar "Azərişıq ASC-nin əməkdaşları gücləndirilmiş rejimdə işləyir.
Bunu unikal.org-a ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. T.Mustafayevin bildirdiyinə görə, respublikanın bəzi dağlıq rayonlarına güclü küləklə müşaiyət olunan qar və sulu qarın yağmasına baxmayaraq elektrik enerjisi ilə təchizatda heç bir ciddi problem qeydə alınmayıb. O cümlədən Bakı və ətraf qəsəbələrdə əhali elektrik enerjisi ilə fasiləsiz təmin edilir.
"Bu, Azərbaycanda elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, infrastrukturun yenilənməsi istiqamətində prezident İlham Əliyevin müəyyənləşdirdiyi vəzifəyə uyğun olaraq "Azərişıq ASC-nin son illərdə gördüyü işlərin nəticəsidir. Dayaqların yenilənməsi, naqillərin kabellə əvəzlənməsi, yeni transformatorların quraşdırılması və digər görülən işlər imkan verib ki, hava şəraitinin kəskinləşməsinə baxmayaraq abonentlərin elektrik enerjisi ilə təchizatını fasiləsiz həyata keçirək. Artıq tam əminliklə deyə bilərik ki, hava şəraitinin kəskinləşməsi nəticəsində şəbəkədə əvvəllər müşahidə olunan kütləvi qəzalar baş vermir, hansısa fasilələ yarananda da bu əməkdaşlarımızın çevik müdaxiləsi ilə qısa zamanda aradan qaldırılır-ASC rəsmisi deyib.
Tanrıverdi Mustafayev əlavə edib ki, "Azərişıq ASC hazırkı hava şəraiti ilə bağlı yerlərdə operativ növbətçiliyi gücləndirib, mümkün qəza hallarını çevik aradan qaldırmaq üçün bütün zəruri mal-material ehtiyatları görülüb.